Bu gün Dollara və digər alətlərə təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanıb.
ABŞ-da məşğulluğun artması FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır.
İyul ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
ABŞ-da İyulda məşğulluğun 193 min artacağı gözlənilir. İyunda məşğulluq 213 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin İyulda 3,9%-ə düşəcəyi proqnozlaşdırılır. İyunda işsizlik 4% təşkil etmişdi.
Həmçinin, ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın aylıq müqayisədə 0,3% artacağı gözlənilir. İyunda artım 0,2% olmuşdu. Saatlıq maaşın illik müqayisədə isə İyulda 2,7% artacağı gözlənilir. İyunda illik artım 2,7% təşkil etmişdi.
Əgər açıqlanacaq göstəricilər proqnozlardan aşağı olarsa Dollar ucuzlaşa, yüksək olarsa bahalaşa bilər.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri 4 dəfə artıracağı gözlənilir. Artıq Mart və İyun toplantılarında faizlər artırılıb. Faizləri yüksəlməsinin Dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.
Analitiklər bu gün açıqlanacaq məşğulluq hesabatının investor qərarları üzərində həlledici olacağını bildirirlər.
Marja.az