Qəssab köməkçiliyindən milyonçuluğa - NUSR-ET-in biznesi haqda bilmədikləriniz | Banco.az

Qəssab köməkçiliyindən milyonçuluğa - NUSR-ET-in biznesi haqda bilmədikləriniz

İstanbulun elit məhəlləsi sayılan Etilərdə bircə dəfə olanlar buranın məşhur restoranı olan «NUSR-ET» steyk hausu mütləq  görüblər. Hərçənd, böyük əksəriyyət yəqin ki, burada nahar etməkdən vaz keçib, çünki qiymətlər çox yüksəkdir - «NUSR-ET» daha çox varlıların, məşhurların və qlamurların toplandığı məkandır. Türkiyə şou biznesi və məşhurları bir yana, Devid Bekhem, Di Kaprio və başqaları «NUSR-ET»in daimi müştəriləridir. 

Burada yemək sifarişi verəndə qiymətlərə baxmaq dəbdə deyil - «NUSR-ET»də nahar etmək isə əksəriyyət üçün hadisə sayılır. 
Restoran biznesində tayı-bərabəri olmayan Türkiyənin ən «hörmətli»si sayılan bu brendi kasıb bir oğlan – Nusret yaradıb.  «Sıfır»dan başlayaraq, az qala heç bir şansı olmadığı halda biznes quran insanlar başqaları üçün də motivasiya mənbəyidir.
Nusret Gökçe 1983-cü ildə Ərzurumda doğulub, iki yaşında olanda, ailəsi ilə Ərzurumdan Kocaelinin Darica mahalına köçüb. Nusret orta məktəbdə təhsil alarkən pulun olmaması səbəbindən məktəbə gedə bilməyib və təhsillini davam etdirməyib. Adam təhsilsizdir, əvəzində gənc yaşlarından İstanbul küçələrində dolaşıb, Bostancı qəssablarının yanında qəssab köməkçisi kimi işə başlayıb. 13-14 yaşlarında Günaydın Kasapda uzun müddət köməkçi olaraq çalışan Nusretin ilk dövrlərdə ətə toxunması da qadağan idi. 2007-ci ildə İstinye Parkında Günaydın restoranında qəssab düzəlməsiylə karyerasını da inkişaf etdirməyə başlamışdı.

Nusret qəssablıq işində özünü inkişaf etdirmək üçün Amerika və Yaponyaya gedir və peşəsinin orda necə olduğunu araşdırır. Çox xarici ölkələrə gedən Nusret, bu işin praktiki tərəflərini tam mənimsəyir.
Ət kəsməyi ilə müştərilərin marağını çəkməyi bacaran Nusret, 2009-cu ildə son maaşını və bankdan 7 min lirə kredit götürərək Argentinaya gedir və 3 ay orda qalaraq qəssabxana, restoranlar və fermalar gəzərək məlumat əldə edir. Türkiyəyə qayıtdıqdan sonra isə öyrəndikləri sayəsində qəssab-restoran anlayışına bir sıra yeniliklər də gətirdi. 2010-ci ildə Amerikaya da getmək üçün müraciət edir və çətin də olsa getməyi bacarır. ABŞ-da yaratdığı menyu New York Timesda nümayiş olunur.
Türkiyəyə yenidən qayıtdıqda isə artıq hədəfi öz restoranını açmaq idi. Bunun üçün bir çox məşhur adamla görüşən Nusret, qərarsız qaldığı bir anda Mithat Ərdəmi evinə avtomobillə təklif etdiyi üçün səmimi qarşılanır və ortaqlıq təklifi alır.

2012-ci ildə isə yenə bir başqa müştərisi olan Ferit Şahenk (Doğuş Qrupu), Nusretə ortaq olur. Hazırda İstanbulda Etiler, Bebek, Nişantaşı olmaq üzrə üç fərqli mövqedə restoranı olan Nusretin eyni zamanda Ankara, Bodrum və Dubayda da fərqli şöbələri var, işçilərinin sayı isə 400 nəfərdən artıqdır.
Amma «NUSR-ET» sadəcə inadkarlıq əsəri deyil. Buradakı yeməklər, məşhur menyu, Nusrətin qeyri-adi aşpazlıq məharəti və inanılmaz qiymətlər daim müştərilərin buraya marağını cəlb edib. Yuxarıda deyildiyi kimi, «NUSR-ET»ə gələnlər pulların saymırlar, burada yemək sifariş edərkən, qiymətlərə baxmırlar. Baxmayaraq ki, qiymətlər digər restoranlardan daha yüksəkdir. Belə ki, digər restoranlarda ikinəfərlik nahar ortalama 120-200 lirəyə başa gəldiyi halda, «NUSR-ET»də bu məbləğ 400 lirə ətrafındadır. «NUSR-ET»in Nyu-York restoranında isə qiymətlər daha yüksəkdir.
Məsələn burada «Nusret Special Salad» 25 dollara, «Ottoman Salad»ı 28 dollara, «Şaşlik» kababı 70 dollara, quzu qəfəsi 250 dollaradır. 8 saat odda bişirilmiş «Asado» qısa qabırğalar isə iki nəfər üçün 110 dollar, 5 nəfərlik variant isə 275 dollardır. «Lokum» adlanan mal əti seykini dadmaq üçün isə 70 dollar xərcləmək lazımdır. İstanbulda qiymətlər Nyu-Yorkdakı kimi olmasa da, yenə də yüksəkdir. 
Əlbəttə ki, qiymətlərin belə yüksək olmasının bir səbəbi brendin məşhurluğu ilə bağlıdır. Amma onun kökündə həm də, İstanbulda, ümumiyyətlə Türkiyədə qiymətli mataha çevrilmiş ətin yüksək keyfiyyətdə olması da dayanır. Məsələ bundadır ki, Azərbaycanan fərqli olaraq Türkiyədə, xüsusilə də İstanbulda ət çox bahalıdır. Keyfiyyətli ət isə ümumiyyətlə od qiymətinədir. «NUSR-ET»in ətləri kənddən  - Nusretin öz fermasındn gətirilir. Buradakı qoyun-quzu təbii yemlərlə – otla bəslənir, restoranlarda da yalnız həmin heyvanların ətindən istifadə edilir. Nəticədə keyfiyyət və özəllik qorunur və müştərilər təkcə restoranlardakı ab havadan deyil, yeməklərin dadından da məmnun qalırlar.

Nusreti və onun biznesini məşhurlaşdıran daha bir cəhət onun sosial şəbəkələrdəki fəallığı və şəbəkələrdən bacarıqla istifadə etməsi olub.  Onun FB, Instagram və Twitter hesablarını minlərdə insan izləyir, paylaşımlır ona daha da məşhurluq gətirir. Bütün bunlar, vaxtilə kasıb ailənin üzvü, pulsuzluqdan orta məktəbi belə bitirə bilməyən kəndçi balasına çoxmilyonluq biznes qurmağa imkan verib.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az