Pərviz Heydərov: “Milli valyutanı tam üzən məzənnə rejiminə buraxmaq olmaz" | Banco.az

Pərviz Heydərov: “Milli valyutanı tam üzən məzənnə rejiminə buraxmaq olmaz"

2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatda deyilir. Belə ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən (69 faiz) icra edib. Qeyd olunur ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov deyir ki, manat tam üzən məzənnə rejiminə hazır deyil: “2015-ci ildə iki dəfə devalvasiya hadisəsi baş verdikdən sonra Mərkəzi Bank manatın üzən məzənnə rejiminə buraxıldığını elan etdi. Manatın dollara nisbətdəki kursu bundan yalnız iki il sonra, yəni 2017-ci ildə fərqi sabitləşdi. Manat valyuta bazarında faktiki olaraq Mərkəzi bank tərəfindən idarə olunur. Bu da onu sübut edir ki, milli valyutamız olan manatı digər ölkələrdə olduğu kimi, tam üzən məzənnə rejiminə buraxmaq mümkün deyil. Çünki milli valyutanın kursunu əsasən neft amili tənzimləyir. Bugünkü gündə ölkənin ixrac potensialının 90-95 faizini neft məhsulları təşkil edir. Bu isə o deməkdir ki, manatın arxasında əlavə heç bir yerli məhsul dayanmır. Ona görə də manatı tam üzən məzənnə rejiminə buraxmaq olmaz. Əslində indidən 2020-ci il üçün proqnoz vermək bir o qədər düzgün deyil. Əgər Azərbaycanın ixrac potensialının 40-45 faizi qeyri-neft məhsullarından ibarət olsaydı manat tam üzən məzənnə siyasətinə keçid edə bilərdi. Biz yalnız bu halda tam üzən məzənnə rejimindən danışa bilərik. Hökumət son illər ərzində qeyri-neft sektorunun inkişafına prioritetə çevirib. Bunun üçün xeyli sərəncamlar imzalanıb və müvafiq addımlar atılıb. Ölkənin ixrac potensialını artırmaq üçün müvafiq siyasət yeridilir. Amma bu elə bir siyasətdir ki, görülən işlərin real nəticə verməsi üçün bir neçə il tələb olunur. Ona görə də hələlik nə isə proqnoz etmək üçün tezdir”.

Ən sərfəli kredit üçün müraciət et

Şəbnəm Mehdizadə, banco.az