PAŞA Sığorta «Zərif Əllərin Gücü» sosial layihəsini uğurla reallaşdırıb | Banco.az

PAŞA Sığorta «Zərif Əllərin Gücü» sosial layihəsini uğurla reallaşdırıb

PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinqin dəstəyi və WoWoman Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə keçirilən «Zərif Əllərin Gücü» korporativ sosial məsuliyyət layihəsi uğurla yekunlaşıb.

Beş ay müddətində davam edən layihə çərçivəsində sosial və maddi dəstəyə ehtiyacı olan 40 nəfər qadın müxtəlif mövzularda təşkil olunan təlim sessiyalarında nəzəri, həmçinin praktiki bilik və bacarıqlar əldə ediblər. Təlim blokunun ilk mərhələsində layihə iştirakçıları peşəkar dərzilik kurslarında iştirak edərək sözügedən peşənin incəliklərinə yiyələniblər. Bununla yanaşı, layihə iştirakçılarının sahibkarlıq vərdişlərinin inkişaf etdirilməsi məqsədilə PAŞA Sığorta mütəxəssisləri tərəfindən büdcə planlaşdırılması, insan resurslarının idarəolunması, müştəri məmnuniyyəti, marketinq və təqdimat bacarıqları mövzularında təlimlər keçirilib.

Təlim sessiyalarının yekununda PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova layihə iştirakçıları ilə görüşərək öz dəyərli məsləhətlərini paylaşıb və iştirakçıları sertifikatlarla təltif edib. Təqdirəlayiqdir ki, artıq layihənin bir neçə iştirakçısı fərdi dərzilik fəaliyyətinə başlayaraq uğurla fəaliyyət göstərirlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, «Zərif Əllərin Gücü» layihəsi maddi baxımdan ehtiyacı olan qadınların iqtisadi potensialını və sahibkarlıq fəaliyyətini artırmaq, onların müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holdinq qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.