Müəllif:Ayşən İmanova/Banco.az
“Apple” korporasiyası 2025-ci ildən etibarən yeni smartfon modellərində fiziki SİM kart yuvalarını tədricən ləğv etmək niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.
Məlumata görə, yeni “iPhone 17 Air” yalnız e-SIM texnologiyasını dəstəkləyən ilk cihaz olacaq. Onun “Apple” seriyasındakı ən nazik smartfon olacağı gözlənilir.
Qeyd edək ki, “Apple” artıq ABŞ-də yalnız eSIM ilə işləyən “iPhone” modellərini təklif edir, lakin digər ölkələrdə ənənəvi slotlu modellər istehsal etməyə davam edir. Bildirilib ki, eSIM-ə keçid bütün bölgələrə təsir etməyəcək. Şirkət dəyişikliklərin həyata keçiriləcəyi ölkələrin tam siyahısını hələ ki açıqlamayıb.
Çində bir çox digər bazarlardan fərqli olaraq şirkət iki fiziki SİM kartlı modelləri saxlayacaq. Bu konfiqurasiya regionda populyar olaraq qalır.
“Apple”a görə, eSIM daha yüksək səviyyəli təhlükəsizlik təklif edir, çünki bu kartı çıxarmaq və başqa cihaza köçürmək mümkün deyil. Bundan əlavə, eSIM-li cihazlar eyni vaxtda müxtəlif operatorların səkkizə qədər tarifini dəstəkləyir.