"PAŞA Həyat" sığorta şirkəti "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti sığorta ödənişlərinin həcmini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ölkədə istehsalat fəaliyyəti ilə məşğul olan müəssisələrdə çalışan iki sığortalı əməkdaş iş zamanı xəsarət alıblar. Qanunvericiliyə əsasən, müəyyən edilmişdir ki, hər iki işçi xəsarət nəticəsində əmək qabiliyyətinin 80%-ni itirib.
Sığorta olunan şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, "PAŞA Həyat" şirkəti tərəfindən zərərçəkmiş şəxslərə müvafiq olaraq 42 630 manat və 23 008 manat həcmində birdəfəlik sığorta ödənişi verilib.
Qeyd edək ki, cari ilin yanvar ayından indiyədək istehsalat zamanı xəsarət alan şəxslərə görə "PAŞA Həyat" tərəfindən 451 000 manatdan çox birdəfəlik ödənişlər edilib.
"PAŞA Həyat" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkəti olan "PAŞA Həyat"ın cari ilin dekabr ayının 1-nə aktivlərinin həcmi 154 mln. manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 mln. manat təşkil edir.
Mənbə: Apa.az