Palata bank sektorunun yeni göstəricilərini açıqladı | Banco.az

Palata bank sektorunun yeni göstəricilərini açıqladı

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı press-relizdə  bildirilir ki, 30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyard 363 milyon manat, cəmi öhdəlikləri isə 26 milyard 675 min manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 686 milyon  manat olub.

 

Aktivlər

Sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% (1.2 milyard manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 milyard 872 milyon manat təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.

 

Öhdəliklər

2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8 milyard 491 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 2.7% (222  milyon manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş vermişdir. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8.4% (235 milyon manat) artmışdır. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21.8% (665.3 milyon manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% (443.7 milyon manat) azalmışdır.    

Hüquqi şəxslərin cəmi əmanətləri doqquz ay ərzində 12.2% (1 milyard 260 milyon manat) artaraq 11 milyard 571 milyon manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş vermişdir. İlin əvvəlindən müddətli depozitlər 86.3% (1 milyard 251 milyon manat) artaraq 2 milyard 701 milyon manata çatmışdır.

Ən sərfəli kredit üçün müraciət et

 

Kapital

Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, sentyabr ayına məcmu kapital 4 milyard 236 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 17.0% çoxdur. Balans kapitalı ilin əvvəlindən 15.1% artaraq 4 milyard 688.5 milyon manat təşkil etmişdir.

 

Mənfəət və zərər

2019-cu ilin 9 ayı ərzində bank sektoru 645.7 milyon manat əməliyyat mənfəəti generasiya edib.  Sektorun xalis mənfəəti isə 522.7 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.6%, kreditlər üzrə faiz gəlirləri isə 14.4% artmışdır.

 

Maliyyə indikatorları

Sentyabr ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.6% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil etmişdir.Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi 1.9 dəfə üstələyir (57.8%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir.

 

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,592 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım sentyabr ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin 9 ayı ərzində işçi sayı 8.6% (1496 nəfər) artaraq 18 min 911  nəfər təşkil edib.