İş müsahibələri bir çoxlarının ən zəif nöqtəsidir. Bəzən bu sualların konkret cavabı olduğunu düşünsək belə əslində qeyri-formal suallar sizin xarakterinizi ortaya çıxarır. Bu yazıda sizi belə qeyri-standart suallar və onlara verməli olduğunuz cavablarla tanış edəcəyik.
“Nə dərəcədə şanslı birisən? 1 ilə 10 arasında özünü dəyərləndir.” Bu sual gülməli səslənsə də Zappos şirkətinin CEO-su Tony Hsiehin sualıdır. Burada əsas məntiq ortalamanı vurğulamaqdır. Yəni çox səmimi davranıb şansım yerlərdə sürünür desəz, onda bu sizin özünüzdən başqa hamıda günah gördüyünüzü, şansım 10 ballıq sistemdə 10-dur desəz, reallıqdan kənar və özünə güvən məsələsinin aşağı səviyyədə olduğundan xəbər verəcək. Ona görə də ən yaxşısı bal şkalasında ortada yer aldığınızı deməkdir. Ona da artıq özünüz qərar verərsiz.
Virgin şirkətinin yaradıcısı Richard Branson isə daha maraqlı sualla namizədləri dəyərləndirir. Sual isə belədir: “Özünüz haqda CV-də nəyi qeyd etməmisiniz?”. Sual sadədir, amma düşündürücüdür. Branson buna səbəb kimi "nsanları işə dəvət edirəmsə, müsahibəyə ehtiyac görmürəm. Əgər müsahibəyə dəvət edirəmsə, deməli onları namizədlərdən biri kimi görürəm deyə bildirib. Buna görə də digərlərindən fərqlənmək şərtdir. Yəni biraz kreativ olmaqda fayda var.
Young Women’s Christian Association (YWCA) CEO-su Dara Richardson-Heron müsahibədə namizədlərə “Özünüzü bir kəlimə ilə ifadə edin” sualını ünvanlayır. Sual sizin şəxsi keyfiyyətlərinizi ortaya çıxarmaq üçün nəzərdə tutulub.
“Bu günə qədər qarşılaşdığınız hansı problemi necə həll etmisiniz?” Bu sual isə Google-un İR müdiri Laszlo Bocka aiddir. Bu suala uğurlu cavab vermək sizi dünyanın ən yaxşı şirkətində iş sahibi edə bilər. Belə ki, verdiyiniz cavabda İR rəhbəri əsas 2 nüansa fikir verir. Cavab real dünyanı nə dərəcədə əks etdirir, yəni çox xəyallar qurmayıb realist olmalısınız. İkincisi, namizəd əsas etibarilə problem olaraq nəyi misal göstərir. Müraciət etdiyiniz sahəni nəzərə alaraq suala cavab vermək sizi istəyinizə bir addım daha yaxınlaşdıra bilər.
“Özünüzü hansı heyvana oxşadırsınız?” Yəqin bu sualı normal həyatda kiməsə ünvanlasanız elə son ünvanınız xəstəxana olar. Amma xatırladaq ki, bu sual HootSuite CEO-su Ryan Holmesin sevimli sualıdır. Özünüzü bənzətdiyiniz heyvan sevdiyiniz heyvan olmaqdan daha sizin xarakterik xüsusiyyətinizlə uyğunluq təşkil etməlidir. Məsələn, şirkət sahibi Ryan Holmesin hal-hazırki köməkçisi bu sualın cavabı olaraq ördək demişdi. Özünü ördəyə oxşatmaq səbəbi kimi çox maraqlı açıqlama vermişdi. Səbəb kimi ördəyin üzərkən sakit durduğunu, su altındaykən isə işlər yolunda getsin deyə olduqca hərəkətli olduğunu vurğulamışdı. Görünür ördək namizədə uğur gətirib ki, hal-hazırda da həmin şəxs öz istədiyi vəzifəni icra edir.
“Öz xətaların haqda danış.” Bu sual Charlotte Russe mağazalarının CEO-su Jenny Mingə aiddir. Bu suala cavab verən namizədin nə dərəcədə səhvlərdən dərs aldığı və çətin hallarda necə davrandığı analiz olunur. Necə deyərlər ən böyük işlər təcrübələr, ən yaxşı təcrübələr səhvlərdən çıxarılan nəticələr əsasında formalaşır.
“İnsanların səni dəstəkləmədiyi halda öz fikrində inadkarlıq etdiyin bir hadisə haqda danış”. Bu sual PayPal-un qurucusu Peter Thielə aiddir. Onun fikrincə bu sual namizədin nə qədər özünə arxayın olduğunu və mövzuya nə dərəcədə fərqli aspektdən yanaşdığını göstərir.
Suallara kreativ yanaşmaq, öz güvəni normal şəkildə nümayiş etdirmək və ən əsası qarşınızdakını sizin ən uyğun namizəd olduğunuza inandırmağınız işə sahib olmağınızın açar nöqtəsidir.
Nəcibə Yusifova, Banco.az