Özəl pensiya fondlarının faydası nə olacaq? | Banco.az

Özəl pensiya fondlarının faydası nə olacaq?

Vətəndaş vaxtilə artıqlaması ilə ödədiyi pulu sonradan geri ala biləcək. Təbii ki, yaradılmaqda olan özəl fondlardan yararlanaraq.

Yaxın zamanlarda Azərbaycanda özəl pensiya fondlarının yaradılacağı gözlənilir. Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, qeyri-dövlət pensiya fondları ilə bağlı qanun layihəsi və digər müvafiq sənədlər artıq hazırdır:

“Bu günləri icbari sosial sığorta fonduna dövlətin müəyyənləşdirdiyi qədər pul köçürülür. Bu hər bir şəxsə aid olan məsələdir. Amma gələcəkdə özəl pensiya fondu olanda vətəndaş artıq icbari sosial sığortadan başqa, həmin müəssisəyə vəsait köçürüləcək və pensiya çıxanda onu alacaq”.

Vətəndaş özəl pensiya fonduna istədiyi qədər sığorta haqqı ödəyə biləcək. Sonda isə pensiyaya çıxanda həmin məbləğ artıqlaması ilə ona geri qayıdacaq. Bu imkan verəcək ki, vətəndaş daha yaxşı təmin olunmuş pensiya əldə etsin. Çünki pensiya yaşı tamam olan zaman o həm dövlət, həm də özəl pensiya fondundan ödənişlərə uyğun pensiya əldə etmək imkanı qazanacaq.

“Müqavilə şərtlərinə görə, pensiya yaşına çatandan sonra ya onun bir dəfəyə, ya da aybaay da alacaq. Özəl pensiya fondlarına yığan vəsaitlər heç bir zaman itmir. Əgər həmin şəxsin özü həyatda olmadığı zaman, onun varislərinə təqdim olunur”, – deyə iqtisadçı Ruslan Atakişiyev bildirdi.

Qeyd edək ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Ekspertlərin fikrincə, qeyri-dövlət pensiya fondlarının yaranması pensiya sığorta sistemində rəqabəti formalaşadırmaqla yanaşı DSMF-in dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.

Özəl pensiya fondları vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com