Tamara Mustafayeva, Banco.az
Uzun illər ərzində biznes fəaliyyəti ilə məşğul olmaq böyük nailiyyət deməkdir. Tədqiqatlar göstərir ki, startap şirkətlərin əksəriyyəti fəaliyyətlərinin ilk beş illiyində uğursuzluğa düçar olurlar, yoluna davam etməyə nail olanlar isə gəlir əldə etməkdə çətinliklə üzləşə bilirlər.
Lakin, banco.az hazırki məqalədə belə problemləri olmayan, uzunömürlü şirkətlərdən bəhs edəcək. Belə ki, məqalədə sizə babalarınızın doğulduğu zamanlardan bəri fəaliyyət göstərən ən tanınmış şirkətləri təqdim edirik.
1945: Minute Maid
Minute Maid şirkəti 1945-ci ildə müharibə üçün istehsal edilən toz halında portağal şirəsi daşımaq üçün yaradılmışdı. Bing Crosby tərəfindən idarə edilən reklam kampaniyası sayəsində daha da inkişaf edən içki markası sürətlə məşhurlaşır. 1960-cı ildə Coca-Cola firması tərəfindən satın alınan Minute Maid hazırda dünyanın ən böyük meyvə şirəsi istehsalçısıdır.
1946: Sony
II Dünya Müharibəsi dövrünün Yaponiyasında Masaru İbuka adlı biznesmen Tokyo univermağının nəzdində elektronika şöbəsi açaraq “Sony” şirkətinin əsasını qoyur. Ancaq hazırda elektronika nəhəngi olan şirkət 1958-ci ilədək “Sony” adı ilə tanınmırdı və o vaxtlar plov bişirən avadanlıqların satışı ilə məşğul olurdu.
1947: H&M
1946-cı ildə Erlinq Person (Erling Persson) İsveçdə “Hennes” (qadınlara aid mənasını verir) adlı mağaza açır. Təqribən iki il sonra mağazada “Mauritz Widforss” markalı balıqçılıq və ovçuluq ləvazimatları da satılmağa başlanır. Beləliklə də şirkət həmin gündən etibarən həm qadın, həm kişilər üçün məhsulların satışını həyata keçirir və adı dəyişdirilərək “Hennes and Mauritz”, qısaca “H&M” olur.
1948: ManpowerGroup
İnsan resursları üzrə beynəlxalq konsaltinq şirkəti “ManpowerGroup” 1948-ci ildə ABŞ-ın Miluoki şəhərində Elmer Winter və Aaron Scheinfeld adlı hüquqşunaslar tərəfindən təsis edilmişdir. Onlar həmin vaxt müvəqqəti katiblər işə götürməkdə çətinlik çəkirdilər və qərara gəlirlər ki, yaşadıqları şəhərdə fəaliyyət göstərən şirkətlər üçün müvəqqəti xidmət göstərərək əlavə gəlir mənbəyi əldə edə bilərlər. Bu ideya ilə əsası qoyulan şirkət tezliklə məşhurlaşır və hazırda qlobal miqyasda 3900 ofisə sahibdir.
1949: 20th Century Fox Television
1948-ci ildə 20th Century Fox şirkətinin əsası qoyularkən televiziya hələ başlanğıc dövrünü yaşayırdı. İllər keçdikcə şirkət dünyanın ən məşhur filmlərinin istehsalçısına çevrildi.
1950: Diner`s Club
1949-cu ildə şirkətin təsisçisi Frank McNamara Nyu-York şəhərində müştəriləri ilə nahar zamanı qəfl fikir verir ki, pul kisəsini evdə unudub. Çeklə ödəniş edə bilməyən McNamara özünə söz verir ki, nağd pulu əvəzləyən kart yaradacaq. Onun ixtirası olan “Diner`s Club” adlı kart hazırki plastik kartların banisi hesab edilir və müasir dövrün alış-veriş mənzərəsini müəyyən edib.
1956: Tefal
Fransanın məişət texnikası istehsalçısı şirkət 1956-cı ildə Paris yaxınlığında yerləşən Sarsel bələdiyyəsində Marc Grégoire və Louis Hartmann adlı iki mühəndis tərəfindən təsis edilmişdir. Şirkətə ad üçün isə teflon və alüminium maddələrinin birləşməsi olan “Tefal” seçilir. Hazırda dünya miqyasında tanınan şirkət yapışmaz tava və qazanların, həmçinin kabelsiz ütülərin banisidir.
Həmçinin oxu: Tanınmış markaların İNANILMAZ yaranma hekayələri
Bizi sosial şəbəkələrdən izləyin!!