"Orta təbəqənin inkişafı hökumət üçün prioritet olmalıdır" - Samir Əliyev | Banco.az

"Orta təbəqənin inkişafı hökumət üçün prioritet olmalıdır" - Samir Əliyev

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına görə, inkişaf etmiş ölkələrdə orta sinfin sayı getdikcə azalır, onların həyat səviyyəsi isə uzun illərdir aşağı düşməkdə davam edir. Bu barədə iqtisadçı ekspert Samir Əliyev öz açıqlamasında bildirib. "30 il öncə OECD ölkələrində orta sinif əhalinin 64%-ni təşkil edirdisə, bu gün həmin göstərici 61%-ə düşüb. Ancaq vəziyyət ölkələr üzrə fərqlidir. Məsələn, ABŞ, Çili, Meksika və İsrail kimi ölkələrdə əhalinin 50%-i, Skandinaviya və Kontinental Avropa ölkələrində 70%-i orta sinif kateqoriyasına aiddir. OECD orta sinif olaraq gəlirləri ölkə üzrə median gəlirin 75%-200%-i qədər olan ev təsərrüfatları götürülür. Meksikada bu kateqoriyaya düşmək üçün illik gəlir 3757-1019 USD olduğu halda ABŞ-da 23400-62400 USD, Lüksemburqda isə 26482-70620 USD civarında olmalıdır.

Orta sinfin mövcudluğu məsələsi Azərbaycan üçün də aktualdır. Gəlirlər baxımından yüksək təbəqələşmənin mövcud olduğu bir ölkədə orta sinfin sayı hər zaman suallar doğurub. Ölkədə orta sinfin payı nə qədərdir? Ümumiyyətlə belə kateqoriyadan olan ailələr varmı? Əlbəttə var. Amma onların sayı çox azdır. Digər tərəfdən real vəziyyət barədə təsəvvür yaratmaq üçün istinad ediləcək obyektiv bir qiymətləndirmə də yoxdur. Dünya Bankı devalvasiyadan əvvəl hesabatında belə təbəqənin payının 29% olduğunu qeyd etmişdi. Ancaq devalvasiya dayanıqlı gəlirə malik olmayan, neft gəlirlərindən asılı olan orta təbəqəni xeyli dərəcədə süzgəcdən keçirtdi. Adambaşına düşən gəlirlərin səviyyəsi qənaətbəxş olsa da onun bölgüsü qeyri-bərabərdir. Problem təkcə gəlirlərin aşağı olmasında deyil. Daha vacibi gəlirlərin dayanıqlı olmamasındadır. Ona görə də bu təbəqənin inkişafı hökumət üçün prioritet olmalıdır. Çünki orta sinfin artımı təkcə maddi rifahın artımı deyil, həm də yüksək mədəniyyətə malik cəmiyyətin formalaşmasıdir".

Ən sərfəli kredit üçün müraciət et

Pərvanə Aslanova, Banco.az