Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 487,5 manat olub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2016-cı il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,6 min nəfər olub, onlardan 891,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,6%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,4%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.