Mərkəzi Bankın internet səhifəsinin istifadə imkanları genişləndirilmişdir | Banco.az

Mərkəzi Bankın internet səhifəsinin istifadə imkanları genişləndirilmişdir

Mərkəzi Bankın əsas kommunikasiya vasitələrindən biri olan rəsmi internet səhifəsinin istifadə imkanları genişləndirilmişdir. Müasir tələblərə cavab verən, rahat istifadə imkanlarına malik, müasir mobil platformalara, əməliyyat sistemlərinə adaptasiya olunan, innovativ modulların tətbiq olunduğu yeni internet səhifə hazırlanmış, Mərkəzi Bankın rəsmi internet ünvanı (www.cbar.az) yeni səhifəyə yönəldilmişdir.

Yenilənmiş səhifə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblərin təsdiq edilməsi haqqında” Qərarından irəli gələn tələblərin reallaşdırılmasını da təmin etmişdir.

Mərkəzi Bankın yenilənmiş səhifəsinin hazırlanması porsesində ən qabaqcıl mərkəzi bankların mütərəqqi təcrübəsindən yararlanaraq internet səhifədə axtarış funksionallığı genişləndirilmiş, xüsusi naviqasiya imkanları yaradılmış, səhifənin dinamik əsasda daim zənginləşdirilməsi imkanları daha da artırılmış, əlavə məlumatların yerləşdirilməsi təmin edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Yenilənmiş səhifənin IPhone, Android, Black Berry kimi yeni kommunikasiya cihazları üçün uyğunlaşdırılmış versiyaları mobil platformalarda saytın ziyarətçilərinə daha əlverişli istifadə imkanları verir.

Mərkəzi Bankın internet səhifəsində əlamətdar hadisələri əks etdirən xüsusi səhifələrin açılması praktikası davam etdirilmiş və bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə xüsusi səhifə də öz əksini tapmışdır. Səhifədə yubiley münasibəti ilə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş silsilə tədbirlər haqqında geniş məlumatlar yerləşdirilmişdir.

Təhlükəsizliklə bağlı tələblərə də tam cavab verən yeni səhifənin məzmun etibarilə zənginləşdirilməsi və texnoloji baxımdan təkmilləşdirilməsi işləri daim diqqətdə saxlanılacaqdır.