Miqrasiya səbəbləri və miqrantların üzləşdiyi problemlər hansılardır? | Banco.az

Miqrasiya səbəbləri və miqrantların üzləşdiyi problemlər hansılardır?

Hər birimiz həyatımız boyunca daha yaxşı və xoşbəxt yaşamaq uğrunda mübarizə aparırıq. Təhsil alırıq ki, gələcəkdə təcrübəli peşə sahibinə çevrilək və daha çox gəlir əldə edib istəklərimizi rahatlıqla reallaşdıraq. Həyatı maraqlı və rahat yaşamaq üçün isə bəziləri öz vətənlərini daimi və ya müvəqqəti tərk edirlər. Lakin bəzən bunlar məcburi baş verir. Məsələn, müharibələrin, təbii fəlakətlərin olması, siyasi qeyri-sabitlik və s.

İnsanların bir yerdən başqa yerə köç etməsi miqrasiya adlanır. Miqrasiyanın könüllü və məcburi, daxili və xarici, emiqrasiya və immiqrasiya, qanuni və qeyri-qanuni, daimi və müvəqqəti (mövsümi) növləri vardır. Daxili miqrasiya ölkə daxilində, xarici miqrasiya isə ölkələr arasında baş verir. Emiqrantlar ölkəni tərk edənləri, immiqrantlar isə ölkəyə gələnləri ifadə edir.

Bəs insanlar hansı ölkələrə miqrasiya etməyi üstün tuturlar?

Əvvəldə də qeyd edildiyi kimi insanlar daha yaxşı yaşamaq istədiyindən iqtisadi inkişafın sürətlə getdiyi ölkələrə üz tuturlar.

Aşağıdakı cədvələ diqqətlə baxsaq, statistik məlumatlar da deyilənləri təsdiqləyir. Cədvəldə 2017-ci il Dünya Bankının məlumalarına əsaslanmış xalis miqrasiyanın çox olduğu 10 ölkə sıralanmış və qarşısında ona uyğun iqtisadi göstəriciləri əks olunmuşdur(xalis miqrasiya ölkəyə gələnlər - immiqrantlarla ölkəni tərk edənlər – emiqrantlar arasındakı fərqdir). Xalis miqrasiyanın müsbət olması ölkəyə axının çox olmasından qaynaqlanır. Bütün bunları ümumiləşdirdikdə, cədvəldən də göründüyü kimi daha çox insan axının olduğu ölkələr məhz inkişaf etmiş və ya inkişafa meyilli ölkələrdir. Başqa sözlə desək, iqtisadi göstəriciləri daha yüksək olan ölkələrə axın vardır. Sıralamada 2017-ci ildə 1-ci yeri tutan ABŞ-da xalis miqrasiya 4.5 milyon nəfər qeydə alınmışdır. Həmin il üzrə onun iqtisadi göstəricilərinə baxdıqda isə, adambaşına düşən məhsul buraxılışı təxminən 60 min dollar (adambaşına düşən məhsul buraxılışı və ya ÜDM ölkə ərazisində müəyyən dövr ərzində istehsal olunmuş son məhsul və xidmətlərin bazar dəyərinin əhalinin sayına nisbətidir), işsizlik dərəcəsi 3.9% (işsizlik dərəcəsi ölkənin işsiz əhalisinin işçi qüvvəsinə nisbəti ilə hesablanır və 5%-ə qədər təbii işsizlik sayılır ki, bu da iqtisadi inkişaf üçün stimul məqsədi daşıyır), infilyasiya həddi isə 2.11% olmuşdur ( inkişaf etmiş ölkələr üçün infilyasiyanın optimal həddi 2-3% qəbul edilir).

Ölkə

Xalis miqrasiya ( nəfərlə)

Adambaşına düşən ÜDM ( dollarla)

İşsizlik dərəcəsi

İnfilyasiya dərəcəsi

1

ABŞ

4 500 000

59 895

3.9%

2.11%

2

Almaniya

1 850 000

44 470

3.4%

1.51%

3

Türkiyə

1 525 002

10 541

10.9%

11.13%

4

Kanada

1 100 000

45 032

5.9%

1.60%

5

Birləşmiş Krallıq

900 000

39 720

4.0%

2.56%

6

Avstraliya

849 966

53 794

5.4%

2.08%

7

Rusiya Federasiyası

799 998

10 749

4.7%

3.69%

8

Oman

605 000

15 267

3.1%

1.6%

9

Səudiyyə Ərəbistan

590 000

20 849

5.9%

-0.85%

10

Fransa

400 002

38 484

9.2%

1.03%

Ən sərfəli kredit üçün müraciət et

Digər ölkələrə nəzər yetirilsə, Türkiyədən başqa bütün ölkələrdə iqtisadi göstəricilər demək olar ki, bir-birlərinə yaxınndır. Sual oluna bilər ki, bəs Türkiyədə işsizlik və infilyasiya dərəcəsi təxminən 11% olduğu halda və bu 10-luq içərisində adambaşına düşən ümumi daxili məhsula görə ən az olmasına baxmayaraq bu ölkə necə xalis miqrasiyanın çox olduğu ölkələr sırasında 3-cü yerdədir?

Cavab ondan ibarətdir ki, cədvəldə qeyd olunan əsas iqtisadi göstəricilər olsa da, bundan əlavə bu ölkənin valyutasının ucuz olması bu öllkəyə marağı artırır. Bəs bu necə baş verir?

Valyutanın ucuz olması xarici investorları maraqlandıran amillərdən biridir. Belə ki, türk lirəsinin ucuzlaşması ucuz işçi qüvvəsi deməkdir. Əməyin əsas istehsal amillərindən biri olduğunu nəzərə alaraq, ucuz işçi qüvvəsi sahibkar üçün daha az xərclə iqtisadi fəaliyyətini qurması və ya davam etdirməsidir. Hər bir sahibkarın da məqsədi az xərc çəkməklə daha çox mənfəət əldə etməkdir.

Bundan başqa, miqrasiyaya ölkənin relyefi, iqlim şəraiti, tarixi, mədəniyyəti, milli mətbəxi, eyni zamanda yerli əhalinin qonaqpərvərliyi də əhəmiyyətli təsir göstərir.

Bəs miqrasiyanın nəticəsi insanların gözləntiləri ilə üst-üstə düşürmü? Şübhəsiz ki, həmişə xəyallarımız istədiyimiz kimi olmur. Bəs miqrantlar hansı problemlərlə üzləşirlər?

Adətən, miqrantlar getdiyi ölkədə köləlik, oğurluq, insan alveri, əməyin istismarı, yaralanma və xəstəlik problemləri, ölüm, xidmətlərdən istifadə məhdudluğu ilə üzləşirlər. İxtisasız əməyin xaricə getməsi və ya həmin ölkənin dilini bilməyən üçün orada yaşamaq heç də asan deyil. Bu zaman şəxs iş tapmaqda çətinlik çəkəcək və əməyinin istismar olunması ilə üzləşəcəkdir. Bundan başqa, miqrantların tez-tez üzləşdiyi problemlərdən biri də həmin ölkənin xidmətlərindən istifadəsində məhdudluqdur. Belə ki, bəzi ölkələrdə yerli əhaliyə olunan güzəşt və imtiyazlar miqrantlar üçün edilmir. Bunun üçün də başqa ölkəyə getməmişdən öncə ən azından həmin ölkənin dilini bilmək vacibdir.

Tərlan Qəhrəmanova, banco.az