Məzun olduqdan sonra gənc mütəxəssis nə etməlidir? | Banco.az

Məzun olduqdan sonra gənc mütəxəssis nə etməlidir?

İlk işədüzəlmə cəhdləri çox vaxt uğursuz olur. Məzun olan kimi ixtisasınıza uyğun bir iş axtarmağa başlasanız, məyusluqla üzləşməyə hazır olun. Bu niyə baş verir?

Əvvəla, gənc mütəxəssislər əmək bazarının iflic olduğu və şirkətlərin işçilərinin böyük bir hissəsinin məzuniyyətə çıxdığı fəsildə məzun olur;

İkincisi, karyeranın başlanğıcında uyğun bir vakansiya tapmaq çox çətindir, təkliflərin yalnız kiçik hissəsi gənc işaxtaranın gözləntilərinə cavab verir;

Üçüncüsü, acı həqiqət olsa da, işəgötürənlərin əksəriyyəti təcrübəsi olan namizədləri müsahibəyə dəvət etməyi üstün tutur.

Həmçinin oxu: Tələbəlik dövründən karyera qurmağa başlanılması niyə vacibdir?

Müsahibəyə gedərkən diplomunuzu özünüzlə götürməyə lüzum yoxdur. Təəccüblüdür ki, işəgötürənlərin əksəriyyəti işaxtaranla ilk görüşdə diploma və onun əlavəsinə baxmırlar. Uzun illərin zəhməti ilə əldə etdiyiniz diplom müsahibə zamanı faydalı olmaya bilər. Hərçənd müsahibəyə diplomla gəlsəniz, heç kəs sizə bunu irad tutmaz.

Rekruter müsahibə əsnasında diplomla maraqlanmasa da, işə qəbul olunduqda şəxsin universiteti bitirməsi barədə sənədlər təqdim edilməlidir.

Gənc mütəxəssis karyera nərdivanının alt pilləsindən işə başlayır. Yenicə məzun olmuş işaxtaran realist olmalı və bilməlidir ki, təcrübəsi olan namizədlərə üstünlük verilir. Odur ki, tələbəlik dövründə ixtisasınız üzrə çalışmamısınızsa, sizə ilk əvvəl birtipli və bəsit tapşırıqların yerinə yetirildiyi vəzifəni münasib görəcəklər.

Lakin kədərlənməyə tələsməyin. İşlərin belə gedişatının öz üstünlükləri var:

Ən sərfəli kredit üçün müraciət et

· İxtisasınıza uyğun bir işə düzəlirsiniz;

· Təcrübə qazanırsınız;

· Çalışdığınız müəssisənin iş prinsiplərini ən aşağıdan öyrənə-öyrənə karyerada yüksəlmə şansınız var;

· Vicdanla çalışıb, özünüzü qiymətli, sədaqətli əməkdaş kimi təsdiq etdikdən sonra sizin vəzifənizi qaldıra bilərlər.

Karyeranızın əvvəllərində yüksək maaşa ümid etməyin, çox nadir hallarda bu olur. Məzun olduqdan sonra sırf praktik biliklərə yiyələnməyə fokuslanın. Minimum 1 il aşağı əmək haqqı ilə işləməyə hazırlıqlı olun. Rəhbərliyin gözündə dəyərli işçi kimi nüfuz qazandıqca vəzifənizlə birlikdə maaşınız da artacaq.

Həmçinin oxu: Karyeranın şaquli və üfüqi növləri – ÜSTÜNLÜKLƏRİ

Daim özünü təkmilləşdirmək, oxumaq, öyrənmək lazımdır. Hər hansı bir peşənin xüsusiyyətlərini, həqiqətən, mənimsəmək yalnız praktikada mümkündür. Buna görə də gənc mütəxəssislər artıq tələbə olmadıqlarına baxmayaraq, məhsuldar iş üçün zəruri olan əlavə biliklər əldə etməli, iş yerində özlərini inkişaf etdirməlidirlər.

Hər kəs karyerasını yeni-yeni qurmağa başladığı dövrdə çətinliklərlə qarşılaşır. Və əgər siz onları dəf etsəniz, nəinki yüksək maaş və vəzifə, eyni zamanda təcrübə, həmkarların hörmətini, peşəkar və məqsədyönlü bir insan kimi nüfuz qazanacaqsınız. Buna görə dəyər.

Nigar Umaxanlı, Finco.az