Mərkəzi banklar: ABŞ | Banco.az

Mərkəzi banklar: ABŞ

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu məqaləmizdə ABŞ Mərkəzi Bankı haqqında məlumat verəcəyik. 

Federal Ehtiyat Sistemi (FED) ABŞ mərkəzi bankı səlahiyyətində olan maliyyə strukturudur. Bank 1913-cü ildə yaradılıb.  

Federal Ehtiyat Sisteminin ABŞ bank sistemində bank əməliyyatları ilə məşğul olmaqdan başqa bir sıra mühüm funksiyaları var. Federal Ehtiyat Sistemi ABŞ-da pul kütləsinə nəzarət edir və ölkənin pul siyasətinə cavabdehdir. FED, həmçinin ABŞ banklarına nəzarət edir, tənzimləyir və ABŞ maliyyə sisteminin gücünü qoruyur. Federal Ehtiyat Sistemi, eyni zamanda ABŞ hökumətinin bankiri kimi fəaliyyət göstərir və ABŞ depozitar institutlarına müxtəlif maliyyə xidmətləri təklif edir.

 

Federal Ehtiyat Sistemi Rəhbərlər Şurasından, 12 regional Ehtiyat Bankından, Federal Açıq Bazar Komitəsindən, Üzv Banklardan və Məsləhət Komitələrindən ibarətdir.

Həmçinin oxu: 

Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin ABŞ prezidenti tərəfindən təyin edilən 7 üzvü var və FED-in əsas idarəedici qurumudur. Rəhbərlər Şurası 12 Federal Ehtiyat bankına nəzarət edir və ABŞ-ın pul siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. 12 Ehtiyat bankı ABŞ-ın regional banklarıdır və onlar faktiki olaraq Federal Ehtiyat Sisteminin əməliyyat qollarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bu 12 bank ABŞ depozitar institutları üçün nağd pul ehtiyatlarının saxlanması, bu qurumlara kreditlərin verilməsi, FED-in kommersiya üzvü banklarına nəzarət və ABŞ-ın pul siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi daxil olmaqla bir sıra vəzifə və funksiyalara malikdir.

Federal Açıq Bazar Komitəsi ABŞ-ın pul siyasətinin həyata keçirilməsində əsas alət olan açıq bazar əməliyyatlarının idarə edilməsinə birbaşa cavabdehdir. Federal Ehtiyat Üzv Bankları ABŞ kommersiya banklarıdır. ABŞ-ın bütün milli bankları qanunla Federal Ehtiyat Sisteminin üzvüdür, ABŞ dövlət bankları isə üzv olmaq məcburiyyətində deyil. FED Məsləhət Komitələri Federal Ehtiyat Sisteminin gündəlik fəaliyyətində mühüm rol oynayır. Bu komitələrin bəziləri birbaşa Rəhbərlər Şurasına məsləhət verir.

FED-in hüququ statusunu FED haqqında qanun müəyyən edir. Qanuna görə FED həm müstəqil hüquqi şəxsdir, həm də ictimai xarakterli dövlət nümayəndəsidir. FED İdarəetmə Şurasının sədri 2018-ci ildən bəri Cerom Paueldir.

Bankın baş ofisi aşağıdakı ünvanda yerləşir:

20-ci küçə və Konstitusiya prospekti, Vaşinqton, ABŞ

Əlaqə:

Telefon : 202-452-3000

Mərkəzi Bankın rəsmi saytı: https://www.federalreserve.gov/

Qeyd edək ki, növbəti məqaləmizdə Almaniya Mərkəzi Bankı haqqında məlumat təqdim edəcəyik.