Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti ilin üçüncü rübündə dəyişməyib və hazırda 70 faizə yaxındır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2013-cü ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
İcmalda qeyd olunur ki, cari ilin 9 ayında ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 7 faiz artaraq 49,4 milyard dollara bərabər olub ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir:
"Strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü "makroiqtisadi bufer" formalaşdıran amildir. Eyni zamanda, strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 9 dəfə çoxdur".
AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 13% artaraq 13,3 milyard dollara çatıb ki, bu da 9 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.
İcmalda bildirilir ki, hesabat dövrü ərzində ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib və beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə ötüb.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən, 2013-cü ilin 9 ayında xarici ticarət dövriyyəsi 26,1 milyard dollar təşkil edib ki, bunun da 18 milyard dolları ixracın, 8 milyard dolları isə idxalın payına düşür. Xarici ticarət balansının profisiti isə 10 milyard dollar olub.
İxracda yüksək templə artan mallara misal kimi pambıq ipliyi, metal borular, marqarin, kartof, şəkər, bitki yağlarını və s. göstərmək olar. İdxalı artan mallara isə metal, maşın və mexanizmlər, çay, sement, buğda unu və s. aiddir.
Mərkəzi Bankın pul siyasəti icmalında deyilir: "Cari ilin sonuna əksər kənd təsərrüfatı və yeyinti məhsulları üzrə özünü təmin etmə səviyyəsinin daha da artacağı gözlənilir. Bundan başqa, bəzi məhsul növləri üzrə bu göstərici 100 faizi ötəcək ki, bu da ölkənin xarici ixracatçıya çevrilməsi anlamına gəlir".
İxracdan əlavə, xaricdən pul baratlarının və kapital axınlarının dinamikası da ölkəyə valyuta daxilolmalarına artırıcı təsir göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi yanvar-sentyabr aylarında 66 faizdən çox artaraq 4,3 milyard dollar təşkil edib.
trend.az