Mərkəzi Bank arayışla kreditlərin verilməsi məsələsini aydınlıq gətirdi! | Banco.az

Mərkəzi Bank arayışla kreditlərin verilməsi məsələsini aydınlıq gətirdi!

Son günlərdə kütləvi informasiya vasitələrində əhaliyə istehlak məqsədilə təminatsız kreditlərin verilməsi ilə bağlı məlumatlar verilməkdədir və bu zaman bəzən qeyri-dəqiq şərhlərin verilməsi hallarına rast gəlinir.

Bununla əlaqədar bildiririk ki, Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə əsasən təminatsız kreditlər borcalanın uzunmüddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əmək haqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir.

Qeyd olunmalıdır ki, təminatsız kreditlər beynəlxalq praktikada da daha ciddi qiymətləndirmə və anderraytinq tələb edən kredit məhsulları hesab edilir. Bu baxımdan borcalanın gəlirlərinin və beləliklə, borclanma qabliyyətinin təsdiq edilməsi kredit portfelinin keyfiyyətinin qorunub saxlanılmasına, borcalanların maliyyə vəziyyətinin pisləşməməsinə və bankların maliyyə dayanıqlığının artırılmasına xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank bank sektoruna maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə banklara “məsuliyyətli borc vermə” prinsiplərinə müvafiq olaraq kreditlərin verilməsi sahəsində işlərini intensivləşdirməyi və bu sahəyə nəzarəti artırmağı tapşırmışdır.

Bundan əlavə, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması istiqamətində də tədbirlər davam etdirilir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən banklarda istehlakçılara kredit məhsullarınını şərtləri ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması üzrə tələblər sərtləşdirilir.