Yaşadığımız cəmiyyət hüquqi qayda-qanunlarla tənzimlənir. Həmin hüquqi baza normal həyat şəraitləri ilə yaşayan şəxslərlə yanaşı məhdud xüsusiyyətlərə malik olanları da əhatə edir. Normal fəaliyyət qabiliyyətinə malik olan insanlar sahib olduğu mülkiyyətləri, maddi vəsaitləri üzərində tam hüquqlu şəxslər hesab olunurlar. Bəs məhdud qabiliyyət fəaliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslərdə bu prosedur necə həyata keçirilir?
Müvafiq məsələylə bağlı hüquqşünas Vüsalə Əzizli Banco.az-ın suallarına ətraflı şəkildə aydınlıq gətirib. Vüsalə Əzizli ilk olaraq şəxslərin fəaliyyət qabiliyyətlərinə görə müəyyən qruplara bölündüyündən danışıb.
“Mülki Məcəllə fəaliyyət qabiliyyətinə görə şəxsləri üç kateqoriyaya ayırır.
1) Tam fəaliyyət qabiliyyəti olanlar
2) Fəaliyyət qabiliyyəti olmayanlar
3) Məhdud fəaliyyət qabiliyyəti olanlar
Tam fəaliyyət qabiliyyəti olan şəxslər 18 yaşına çatmış şəxslərdir. Amma bu o demək deyil ki, bütün 18 yaşına çatmış şəxslər tam fəaliyyət qabiliyyətli hesab olunur. Bunun üçün əsas şərtlərdən biri həmin şəxslərin anlaqlı olmasıdır. Mülki Məcəllə şəxslərin müəyyən bir qismini bu kateqoriyaya daxil edir. Mülki Məcəllədə psixi pozuntusu olan, əqli cəhətən hər hansısa xəstəliyi olan şəxslər, ruhi xəstələr fəaliyyət qabiliyyəti olmayan şəxslər kateqoriyasına aid edilir. Ümumilikdə isə şəxslərin fəaliyyət qabiliyyətinin olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmə mülahizəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 32-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər.
Bundan başqa Mülki Məcəllə bu kateqoriyaya aid olan şəxslər arasında yaş meyarlarını müəyyənləşdirir. Mülki Məcəllənin 28-ci maddəsinə müvafiq olaraq 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların isə məhdud fəaliyyət qabiliyyəti vardır. Bütün bunlar şəxslərin məhkəmin qərarı ilə hansı kateqoriyaya aid olmasını müəyyən edir ki, bu da şəxslərin öz mal-mülkləri üzərində hansı hüquqlarının olduğunu göstərir.”
Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin maddi vəsaitlərinin, mülkiyyətinin ələ keçirilməsi məqsədi ilə onların məlumatı olmadan hər hansısa müqavilələr imzalana bilərmi?
“Müxtəlif fəaliyyət qabiliyyətinə malik insanlar arasında tez-tez rast gəlinən problemlərdən biri şəxslərin aldadılma yolu ilə müqavilələrin bağlanılması məsələridir. Sözü gedən prosedur Mülki Məcəllənin 339-cu maddəsi ilə tənzimlənir. Ümumiyyətlə Mülki Məcəllənin bu fəslində əqdin etibarsızlığı haqqında müddəalar yer alır. (əqd - mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir)
Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər mübahisələndirilə bilər. Əhəmiyyətsiz əqdlər isə uydurma və yalan əqdlərdir. Məsələn müəyyən A və B şəxsləri müqavilə imzalamaq barəsində razılığa gəlirlər. B şəxsi isə tamamilə fərqli predmentdə olan müqaviləni A şəxsinə gətirərək imzaladır ki, bu da pərdələnmiş, uydurma əqdlər olduğundan əhəmiyyətsiz əqdlər hesab olunur. Aldatma yolu ilə bağlanan əqdlər zərərçəkənin təşəbbüsü ilə məhkəmə tərəfindən mübahisələndirilə bilər. Məhkəmə həmin əqdi mübahisələndirərkən müəyyən məsələləri nəzərə alır. Yəni qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olunduqda mübahisələndirilir. Aldatmayacağı təqdirdə müqavilə yenə də imzalanacaqdısa bu zaman məhkəmə sözü gedən əqdi mübahisələndirməyəcək. Əqdi mübahisələndirərkən B şəxsinin hansı məqsəd güddüyü, fayda götürmək niyyəti, yaxud A şəxsinə hər hansısa ziyan vurmaq məsələləri heç bir əhəmiyyət daşımır. Başqa bir nüansa nəzər yetirsək, yəni tutaq ki, A şəxsi B şəxsi tərəfindən yox digər üçüncü C şəxs vasitəsi ilə müqaviləyə uzaqdan-uzağa hər hansısa müdaxilə yolu ilə aldadılır. B şəxsinin isə bunu bilməsi vacibdirsə yaxud da bilirəkdən xəbərdarlıq etmirsə B və C şəxslərinin hər ikisi məsulliyətə cəlb olunacaq. Zərərçəkmiş əqd mübahisələndirilərkən özünə dəyən zərəri tələb etmək hüququ var.
Mülki Məcəllə əqdin mübahisələndirilməsi zamanı subyektləri ayırır: Məhdud fəaliyyət qabiliyyətli olan şəxslərin və fəaliyyət qabilliyət olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı
Mülki Məcəllənin 342-ci maddəsinə müvafiq olaraq psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd isə yalnız onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Əgər qəyyumun razılığı olmadan fəaliyyət qabiliyyəti olmayan şəxs müqavilə bağlayarsa, bu əqd qəyyum tərəfindən mübahisələndirilə bilər. Məhdud fəaliyyət qabiliyyətli şəxslər Mülki Məcəllənin 32-ci maddəsinə əsasən bəzi xırda məişət əqdlərini müstəqil şəkildə bağlaya bilər. Lakin digər bütün əqdləri onlara təyin olunan himayəçinin razılığı ilə imzalayırlar. Əgər himayəçinin razılığı olmadan məhdud fəaliyyət qabiliyyətli hər hansısa şəxs xırda əqdlərdən başqa digər mühüm əhəmiyyəti olan əqd bağlayarsa himayəçi onun etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilər. Etibarsız hesab edilən bütün əqdlər bağlanıldığı vaxtdan hesablanaraq etibarsız hesab olunur.”
Həmçinin oxu: İşdən çıxarkən təzminat almaq mümkündürmü?
“Müqavilələr mütləq şəkildə diqqətlə nəzərdən keçirilməlidir”
“Ümumiyyətlə həm məhdud fəaliyyət qabiliyyətli, həm fəaliyyət qabiliyyəti olmayan və tam fəaliyyət qabiliyyəti olan şəxslər istənilən halda müqavilə imzalayarkən mütləq surətdə müqaviləni oxumalıdırlar. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli insanların isə qəyyumları bu prosedurla yaxından tanış olmalı və bütün məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Digər tərəfdən mülki münasibətlər mütləq şəkildə sənədlər, müqavilələr üzərində qurulmalıdır. Çünki şifahi razılaşmaları sonradan sübut etmək çətinləşir. Müqavilələrin isə bütöv şəkildə bütün xırdalıqların nəzərdən keçirmək şərti ilə oxunulması məsləhət görülür.”
Aida İSAQ, Banco.az