Əksər insanlar MasterCard və Visa ödəniş sistemləri arasında heç bir fərq görməsələr də, ekspertlər bu fikirlə razılaşmayaraq bildirirlər ki, ilk baxışdan nəzərə çarpmayan fərq onların istifadəsi zamanı həlledici rola malik ola bilər.
Bəs ən sərfəli ödəniş sistemini necə seçmək olar?
Qeyd edək ki, əslində MasterCard və Visa arasında birmənalı seçim etmək imkanı verən ciddi fərq mövcud deyil. Mütəxəssislər onların hər ikisini əlverişli ödəniş vasitəsi kimi qiymətləndirirlər. Bu kartlar dünyanın istənilən ölkəsində, eləcə də internetdə hesabların ödənilməsi zamanı eyni dərəcədə əhəmiyyətə malik olurlar.
Opsiyalar üzrə fərq isə plastik kart təqdim edən bankların müəyyən etdiyi qaydalardan asılıdır. Bu səbəbdən də müştərilər üçün nəzərdə tutulmuş xidmət və endirimlər öz aralarında bir-birindən fərqlənə bilər.
Bank mütəxəssislərinin də qeyd etdiyi kimi, həm MasterCard, həm Visa onlayn alış-veriş üçün əlverişlidir. Hər iki kart təhlükəsizlik baxımından olduqca etibarlıdır. Belə ki, Visa kartları üçün "Verified by Visa (VbV)", MasterCard kartları üçün isə "SecureCode" adlı təhlükəsizlik sistemlərindən istifadə olunur. Məlumdur ki, Ümumdünya hörümçək torunda məhsul və xidmətlər üzrə ödəniş edən zaman müştəri yalnız özünə məlum olan kod daxil edir.
Ekspertlər təhlükəsizlik səviyyəsinin artırılması üçün alış-veriş zamanı ayrıca kartlardan istifadə etməyi məsləhət görürlər. Həmin karta pul vəsaitini ödənişdən əvvəl köçürmək mümkündür.
Hər iki kartda demək olar ki, eyni funksiyalar yer alır. Lakin onlar arasında əsas fərq xarici ölkələrə səfər zamanı meydana çıxır. Belə ki, bu sistemlərə aid olan bank kartlarından istifadə etməklə valyuta mübadiləsi zamanı məsrəfləri azaltmaq mümkündür.
Visa ödəniş sistemi ABŞ-da yaradılıb. MasterCard ödəniş sisteminin də əsası Amerikada qoyulub. Bu ödəniş sistemi "Eurocard" adlı Avropa sistemi ilə müqaviləyə malikdir. Əvvəllər Visa-dan ABŞ-da, MasterCard-dan isə Avropada istifadə etmək daha sərfəli idi. İndi isə hər iki sistem beynəlxalq əhəmiyyətə malikdir və dünyanın istənilən ölkəsində istifadə olunur.
Yeganə fərq isə ondan ibarətdir ki, Visa üçün əsas valyuta dollar, MasterCard üçün isə dollar və avrodur. Lakin əgər hesab rubl, dollar və ya avro ilə açılıbsa, o zaman valyuta əməliyyatları zamanı bu fərq aradan qalxır.
Əgər dollardan istifadə edən ölkə və ya regionlara (məsələn, ABŞ, Kanada, Latın Amerika, Avstraliya, Tailand, Dominikan) səyahət etmək niyyətiniz varsa, o zaman burada Visa kartından istifadə etməyiniz daha məsləhətlidir. Avropada, Afrikanın bəzi regionlarında, xüsusilə də Kubada ödənişləri MasterCard vasitəsilə həyata keçirmək daha məqsədəuyğundur.
Əgər xarici ölkələrə tez-tez səfər edirsinizsə, o zaman hər iki plastik akrtı özünüzlə götürməyiniz daha yaxşı olar. Bununla da, siz şəraitdən və getdiyiniz ölkədən asılı olaraq onlardan böyük əhəmiyyətlə istifadə edə bilərsiniz.
Sevinc İbadova/Banco.az