Manatın məzənnəsi möhkəmlənib | Banco.az

Manatın məzənnəsi möhkəmlənib

Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın məzənnəsini qorumaq üçün 2014-cü ilin I yarısında valyuta bazarında $967,4 mln. məbləğində xarici valyuta alıb ki, bu da ötən ilin birinci yarısının göstəricisi ilə müqayisədə 20% azdır. Bu barədə AMB-nin 2014-cü ilin yanvar-iyun ayları üzrə pul siyasəti icmalında deyilir. İcmal AMB-nin saytında dərc edilib.

“Hesabat dövründə valyuta bazarında təklif tələbi ötüb. Manatın məzənnəsinin son dərəcə möhkəmlənməsinə yol verməmək, o cümlədən qeyri-neft sektorunun rəqabətliliyinə mənfi təsiri neytrallaşdırmaq üçün AMB 2013-cü ilin birinci yarısında $1 mlrd. 209,3 mln.-a qarşı 2014-cü ilin yanvar-iyun aylarında valyuta bazarında $967,4 mln. məbləğində xarici valyuta alıb”, - deyə icmalda qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

Sənəddə vurğulanır ki, bu tədbirlər nəticəsində hesabat dövründə manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,03% möhkəmlənib. “Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib”, - deyə icmalda qeyd olunur.

2013-cü ildə AMB milli valyutanın məzənnəsini qorumaq üçün valyuta bazarında $2 mlrd. 457 mln. məbləğində xarici valyuta alıb. 2013-cü ildə manat ABŞ dollarına nisbətdə 0,06% möhkəmlənib.

 

  biznesinfo.az