Lizinq şirkətləri Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşula biləcəklər | Banco.az

Lizinq şirkətləri Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşula biləcəklər

Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) maliyyə infrastrukturunun digər seqmentləri üzrə də fəaliyyətini genişləndirə bilər.

Mərkəzləşdirilmiş Kredit Reyestrinin rəhbəri Elçin Həbibov bildirib ki, reyestrə yeni iştirakçıların daxil edilməsi hal-hazırda idarələrarası razılaşdırma mərhələsində olan "Kredit büroları haqqında" qanunun təsdiq edilməsindən sonra mümkün ola bilər.

"Cari qanunvericilik reyestrə yalnızca bank və qeyri-bank kredit təşkilatlarının daxil edilməsini nəzərdə tutur. "Kredit büroları haqqında" qanunun qəbul edilməsi ilə isə reyestrə digər maliyyə infrastrukturlarının, o cümlədən, lizinq şirkətlərinin də daxil edilməsinə şərait yaranacaq", deyə E.Həbibov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, yaxın gələcəkdə Mərkəzi Bankın nəzdindəki Mərkəzləşdirilmiş Kredit Reyestri ölkədə özəl kredit bürolarının yaradılması istiqamətində məlumat bazası rolunu icra edəcək. Bugün MKR bank qanunvericiliyində nəzərdə tutulmuş bir sıra məhdudiyyətlərə görə maliyyə bazarının digər iştirakçıları ilə işgüzar münasibətlər yarada bilmir.

Sevinc İbadova/Banco.az