"Lizinq fəaliyyəti ilə bağlı islahat nəticəsində bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib" | Banco.az

"Lizinq fəaliyyəti ilə bağlı islahat nəticəsində bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib"

"Lizinq fəaliyyəti ilə bağlı islahat nəticəsində bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib".

Bunu  İyulun 31-də Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə  Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

"Cənab Prezident, fermerləri sevindirən əsas hallardan biri odur ki, Sizin lizinq fəaliyyəti ilə bağlı həyata keçirdiyiniz islahat nəticəsində artıq bazarda tam liberallaşma mövcuddur. Artıq dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq edilir. Bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib.

Subsidiyalarla bağlı Sizin həyata keçirdiyiniz islahat nəticəsində, hesab edirik ki, gübrələrlə əlaqədar bu liberallaşma gələn ildən tam həyata keçiriləcək. Gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək. Hazırda bizim qarşımızda duran vəzifə gübrənin əlçatanlığını daha da yaxşılaşdırmaqdır. Çünki bəzi hallarda fermerlərimiz gübrənin əldə edilməsi üçün böyük məsafələr qət etməyə çalışırlar. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırıb",- Nazir əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Nazir, "Möhtərəm cənab Prezident, qarşımıza qoyduğunuz əsas vəzifələrdən biri elektron kənd təsərrüfatının təşviqidir" deyərək sözlərinə belə davam edib:

"Hazırda artıq 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək. Elektron kənd təsərrüfatı sistemi, həmçinin imkan verəcəkdir ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər. Bununla yanaşı, Sizin tərəfinizdən həyata keçirilən digər vacib islahat yeni subsidiya sistemi ilə bağlıdır. Hazırda subsidiya sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri həyata keçirilir. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımızın yaxşılaşdırılmasına imkan verəcək".

Marja