Diqqətlə baxsaq görərik ki, aramızda sadəcə gəmidə oturmağı sevənlər deyil, gəmini uzaqlara aparmağa çalışanlar da var. Əlində olanlarla qürürlanmaq əvəzinə, hər zaman daha yaxşısını əldə edəcəklərinə inananlar var. Müəllifinin kim olduğunu unutmuşam, amma çox xoşuma gələn bir sitat var: “Əgər hər kəs eyni şeyi fikirləşirsə, demək heç kim fikirləşmir”. Və aramızda daim kütlədən fərqli düşünənlər var. Bu insanlar kimlərdir axı, niyə xüsusidirlər? Nədir onları yuxarı daşıyan?
Bu dəfəki məqaləmdə sizinlə, bütün liderləri birləşdirən 4 ümumi cəhəti paylaşacam. Ümid edirəm ki, testdən pozitiv alacaqsınız. Hətta almasanız belə, unutmayın ki, liderlik qazanılan bacarıqdır. Məsələn, mən heç prezident və ya CEO olaraq dünyaya gələn uşaq görmədim.
- Fokuslanma və Konsentrasiya
Əgər siz işə başlayarkən “nə etməliyəm?” sualını verirsinizsə, sizi təbrik edirəm, bu çox düzgün hərəkətdir. Əgər siz işə başlayarkən həm də “nə etməməliyəm?” sualını verirsinizsə, o zaman siz lidersiniz. İşini ən yaxşı şəkildə görən insanların yanında sadəcə 1 gün vaxt keçirməniz kifayət edər ki, onların bütün ətraf mühitlə beyin əlaqəsini kəsərək sadəcə bacarmaq istədikləri işə yönəldiklərini görəsiniz. Hər hansı bir işi görməyə qərar verdinizsə, məsələ orda bitməlidir. Bu dünya dağılsa da, siz həmin qərar üçün çalışacaqsınız. Heç bir şey sizi dayandıra bilməz.
- Dəyərlərə düşkünlük, gəlirlərə deyil
Görəcəyiniz iş dünyanı nə qədər xilas edəcək? Hansı problemi həll edəcəksiniz? Məsələn, Steve Jobs “Apple”-ı yaradarkən milyarder olmaq istəyirəm deyə başlamamışdı. O, “İstəyirəm ki, hər kəsin qarşısında istifadə edə biləcəyi kompyuteri olsun.” düşüncəsilə işə atılmışdı. İrəli baxmaqla nöqtələri birləşdirə bilməzsiniz. Onlar yalnız geri qayıtdığınızda birləşdirilə bilən olur. Gələcəkdə nöqtələrin necəsə birləşəcəyinə inanmalısınız. Nəyəsə inanmalısınız, iradənizə, taleyinizə, həyatınıza, arzularınıza, hər hansı bir şeyə. Bu yanaşma məni heç vaxt yanıltmayıb və məhz onun sayəsində həyatımda böyük dəyişikliklər yaranıb. Heç kəsin toxuna bilməyəcəyi dəyərləriniz olsun. Bağlanın o dəyərlərinizə, o qədər çox bağlanın ki, heç bir qüvvə sizi ondan ayırmasın. Sizi siz edən dəyərlərinizdir.
- Sadəlik
Yığın atın bir kənara həyatınızı çətinləşdirən şeyləri. Minimalizmə təslim edin özünüzü. Kimə, nəyə lazımdır lüks maşınlar, bahalı evlər, yığıb yığışdıra bilmədiyiniz paltarlar? Materiallığa qul olacaq qədər ucuzlaşdırmayın kimliyinizi.Lüks maşınlar bir ağacın xışıltısının verdiyi həzzi heç vaxt verə bilməz. Dəbdəbəli paltarlarla, suyun üstündə kağız gəmiciklər üzdürdüyünüz anın xoşbəxtliyi heç vaxt bərabər olmayacaq. Dükandan aldığınız hədiyyəli saqqızlara da sevinmirsiniz indi, bilirəm. Balacaykən nə qədər də xoşbəxt olmağa, kəşf etməyə, sevməyə meyilli idik. Buraxın cızılsın o toxunulmaz lüks oyuncaqlarınız. Onlar hamısı lazımsızdır. Buraxın hisləriniz yenə xoşbəxt etsin sizi, bahalı oyuncaqlar deyil. Hələ də bu dünyada şokoladın dadını bilməyən uşaqlar var. Gündə sadəcə bir dəfə yemək yeyən, başqalarının köhnə paltarlarına bürünən. Buraxın onlar xoşbəxt etsin sizi. Bir təbəssümlə, həmişəlik bir sevgi ilə...
- İnsanlardan fərqlənmək istəyi yox, insanları birləşdirmək arzusu
Həqiqi liderlər bir insanın deyil, çoxluğun gücünü seçir. Həqiqi liderlər, komanda oyunçularıdır. Onlar insanları arzularının arxasınca gətirir. Arzularına inandırır. Biz insanlar hamımız bərabərik. Hər birimiz, əslində diqqətlə baxsaq, digərimizə oxşarıq. Birləşdiyimiz an güclü olduğumuz andır. Və birləşməli olduğumuzu bizə xatırladan, liderdir.
Sevinc Hüseynova, banco.az