Tanınmış aktyor Leonardo Di Kaprio Amazon meşələrinin xilas edilməsi üçün 5 milyon dollar məbləğində büdcə ayırıb.
Banco.az xəbər verir ki, məşhur Oskar mükafatçısı Amazon Meşə Fondu üçün xeyriyyə kampaniyasının icrasına başlayıb. Ötən ay Di Caprio tərəfindən yaradılan və xeyriyyəçilər Laurene Powell Jobs və Brian Sethin də yer aldığı "Earth Alliance" adlı cəmiyyət Amazon Meşə Fondunun internet saytı vasitəsi ilə xeyriyyəçilik kampaniyasına dəstək verib.
Di Kaprio, pulların hamısının bölgədəki dağıntılara səbəb olan yanğına qarşı Amazonda həyat və biomüxtəlifliyin davamlılığını qorumağa çalışan yerli icmalara və digər yerli əhaliyə veriləcəyini bildirib.
Cəmiyyət həmçinin Braziliyanın yağış meşələrini bərpa etməyə kömək üçün də ianələr verilməsinin vacib olduğunu qeyd edib.
Di Kaprio, dünyanın ciyərləri kimi tanınan Amazon meşələrini bərpa etmək və qorumaq üçün pərəstişkarlarını sosial şəbəkələr vasitəsilə bu vacib missiyaya qoşulmağa dəvət edib.
Aida İSAQ, Banco.az