Müəllif: Tamara Mustafayeva, Banco.az
Bir çox ölkədə kriptovalyutaların tənzimlənməsi istiqamətində davam edən səylər ilin birinci yarısında sürətlənib.
Banco.az xəbər verir ki, ABŞ-da qarşıdan gələn prezident seçkiləri prosesində namizədlərin kriptovalyutalarla bağlı optimist ritorikası və dünyanın ən böyük iqtisadiyyatında spot bitkoin ETF-lərin təsdiqlənməsi və ethereum ETF-lər üçün müraciətlərin təsdiqlənəcəyi ilə bağlı proqnozlar qiymət artımında rol oynayan amillər hesab edilir.
2023-cü ilin son rübündən etibarən yüksəliş dinamikası ilə davam edən bitkoin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) 11 bitkoin spot ETF müraciətini təsdiqləməsindən sonra martın 14-də 73 min 750 dollara çataraq rekord qırmışdı.
“Coinmarketcap”ın məlumatlarına görə, dekabrın 31-də 42 min 600 dollardan ticarət edilən bitkoinin qiyməti təxminən 45 faiz artaraq 30 iyun tarixində 61 min 975 dollara yüksəlib.
Xatırladaq ki, bitkoin ötən il təxminən 157 faiz dəyər qazanmışdı.
Bitkoindən başqa minlərlə müxtəlif kriptovalyuta ticarəti aparılarkən bazar dəyərinə görə 2-ci yerdə olan ethereum isə ilin ilk yarısında 3420 dollara qədər bahalaşaraq 50 faizə yaxın dəyər qazanıb.
Sözügedən dövrdə qlobal kriptovalyuta bazarının ümumi dəyəri 650 milyard dollar artaraq 2 trilyon 310 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!