İstər fiziki, istərsə də hüquqi şəxslər kreditin və bank faizlərinin ödənilməsi prosesində maliyyə problemləri ilə qarşılaşırlar. Adətən, borcalanlar kredit üzrə borcların ödənilməsi zamanı daha çox problem yaşayır və sözügedən maddi çətinliklər kreditin gecikdirilməsi ilə nəticələnir. Bu zaman nəinki borc ödəyicisi, həmçinin bank da pis vəziyyətdə qalır. Borcalanlar, əksər hallarda, maddi çətinliklərə səbəb olan amillər sırasında xəstəlik, işin itirilməsi, yüksək bank faizlərini və bir çox digər amilləri qeyd edirlər. Bank və borcgötürən arasında kredit müqaviləsi imzalanan zaman həmin kreditin ödəmə müddəti bitənə qədər həmişə vaxtlı-vaxtında ödəniləcəyinə təminat vermək bir qədər çətindir. Bu tipli problemlə qarşılaşan istənilən borcalan problemin qısa müddət ərzində həll edilməsi üçün var gücü ilə çalışmalıdır.
Unutmamaq lazımdır ki, kreditin ödənilməsi zamanı hər hansı çətinliyin meydana gəlməsindən asılı olmayaraq, bank ilə münasibətləri korlamaq olmaz. Bank ilə münasibətləri nəzarətdə saxlamaqla siz özünüzü iri məbləğli cərimələrdən qorumuş olacaqsınız. Onu da nəzərə almaq lazımdır ki, banklar öz aralarında borcgötürənlərin borc öhdəlikləri barədə informasiya mübadiləsi edirlər. Bu səbəbdən də, bankla normal münasibətdə olmaq sizə həm də müsbət kredit tarixçəsinə malik müştəri statusunu qazandıra bilər.
Böyük ehtimalla, borcgötürən kreditin gecikdirilməsinə səbəb olan mümkün problemlər barəsində əvvəlcədən müəyyən fikir sahibi olur. Kreditor-banka da bu problemlər barəsində öncədən məlumat vermək lazımdır. Lakin əksər hallarda bu vəziyyətin tam əksi müşahidə olunur. Borcgötürən banka təqdim etdiyi əlaqə nömrəsi ilə bank əməkdaşlarından birinin ona zəng edəcəyini gözləyir və telefon danışığı zamanı krediti gecikdirməsinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirir. Bu tipli səhvlərə yol verməmək və kredit ödənişinin gecikdiriləcəyi barədə bankı xəbərdar etmək üçün banka getmək və izahat yazmaq lazımdır. Həmin müraciətdə siz maliyyə vəziyyətinizin pisləşdiyini qeyd edə və bankdan sizə möhlət müddəti verməyini xahiş edə bilərsiniz.
Bank çox az hallarda müştərinin bu müraciətinə rədd cavabı verir. Əksər hallarda, bu tipli müraciətlərə razılıq verilir və ödəniş müddəti uzadılır. Yəni, müştəriyə kredit borcunun ödənilməsi üçün möhlət verilir. Əgər borcalan öz maddi problemləri haqqında banka məlumat vermirsə, o zaman ödəniş müddətində gecikmə qeydə alınır. Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə desək, cərimənin ödənilməsi qaçınılmaz olur. Borcalan 3 ay ərzində kredit borcunu gecikdirirsə, o zaman bank kredit müqaviləsini ləğv etmək hüququna malikdir.
Kredit müqaviləsi birtərəfli qaydada ləğv edilir. Əgər gecikmə olduğu təqdirdə, borcalan gizlənməyə başlayır və bank əməkdaşlarının zənglərinə cavab vermirsə, o zaman bankın həmin müştərini məhkəməyə vermək hüququ vardır. Bir qayda olaraq, bank hər zaman bu tipli məhkəmə proseslərində qazanan tərəf olur. Borcalan isə məhkəmə çəkişməsindən sonra borcunu ödəməyən biri kimi bir çox bankların "qara siyahı"sına daxil edilir. Bundan sonra həmin şəxsin kredit tarixçəsi pozulduğu üçün artıq ona heç bir bank kredit vermir. Qeyd etmək lazımdır ki, borc üzrə ödəniş 5 gün gecikdirildiyi təqdirdə, bank tərəfindən müştəriyə hər hansı cərimə tətbiq edilmir. Gecikmənin 6-cı günü isə bank əməkdaşı tərəfindən zəng edilərək, borcalana xatırlatma edilir.
Sevinc İbadova/Banco.az