Kredit alarkən nəyə fikir vermək lazımdır?
Bankda kredit rəsmiləşdirərkən borcalan kreditin dəyəri və onun xidmət olunması ilə bağlı bir sıra nüansları nəzərə almalıdır.
Reklamda eşitdiklərinizi yoxlayın
Reklamda bir qayda olaraq, banklar aşağı faiz dərəcəsini vurğulayır. Faktiki isə müəyyən etmək olar ki, qeyd olunan aşağı faiz dərəcəsi borcalanların yalnız çox balaca bir kateqoriyasına şamil edilir (məsələn əməkhaqqını həmin bankdan alan müştərilər və ya bankdan 3-cü dəfə kredit götürən müştərilər, bankın əməkdaşlıq etdiyi müəssisələrdə çalışan müştərilər və s). Qalan müştərilər üçün isə kreditin qiyməti daha baha olacaq. Bundan əlavə komisyonların mövcudluğu və onların həcmi kreditin qiymətini kifayət qədər artıra bilər. Kreditin nə qədər baha başa gələcəyini bilmək üçün isə FİFD-ə (faktiki illik faiz dərəcəsi) fikir vermək olar.
Faizlərə bərabər komisyonlar
Hər bir bankın kreditləşmə ilə bağlı öz şərtləri vardır. Onların tutduğu komisyonlar fərqli ola bilər. Komisyonlar əsasən ümumi kredit verilişinə görə, nağdlaşdırmaya görə, plastik kartla verilərsə kartın xidmət haqqısına görə tutula bilər. Əgər kredit müddəti bir ildən artıq olarsa, hər il üçün ayrılıqda komisyon hesablanır, lakin ödəniş öncədən edilir. Bu kimi halda siz krediti bir il ərzində bağlasanız belə ödədiyiniz komisyon haqqı geri qayıtmır. Bankdan asılı olaraq, komisyon məsrəfləriniz fərqli ola bilər. Bəzən praktikada komisyonların kreditin əsas faizinə bərabər olduğu hallara da rast gəlinir. Və ya faizsiz adlanan kreditlər yüksək komisyon haqqı ilə rəsmiləşdirilir.
Siz komisyon haqqını kredit məbləğini alarkən, dərhal və birdəfəlik şəkildə ödəyirsiniz. Bəzən bu məbləğ elə böyük alınır ki, insanlar onu “şirinlik” və ya “şapka” adlandırır.
Kreditin təminatı
Kredit məbləğindən asılı olaraq, sizə zamin (kredit müqaviləsinə əsasən siz kredit üzrə öhdəliyinizi yerinə yetirmədiyiniz halda zaminlər bank qarşısında həmin öhdəliyə görə sizinlə bərabər məsuliyyət daşıyırlar, bu zaman zamin həmin öhdəliyi sizin əvəzinizə yerinə yetirməli olacaq) və ya girov tələb oluna bilər. Bəzən həm zamin, həm də girova ehtiyac yaranır. Girov qismində həm sizin həmin kreditlə yeni aldığınız əmlak (avtomobil, mənzil, istehlak krediti ilə aldığınız məişət texnikası), həm də daha öncədən mülkiyyətinizdə olan əmlak çıxış edə bilər.
Əksər hallarda banklar müştəridən kredit müqaviləsi dövrü ərzində girovu sığorta etməyi tələb edirlər, bu isə aldığınız borcun dəyərini əhəmiyyətli dərəcədə artırır. Amma nə etmək olar, bank sona qədər əmin olmaq istəyir ki, sizin və ya girovun başına bir iş gələrsə, o, krediti sığorta ödənişlərinin hesabına bağlaya biləcək və öz pullarını itirməyəcək. Girovun sığortası ilə yanaşı, müştəridən həyat sığortası da istənilə bilər.
Bəzi kredit təşkilatlarında bu cür tələblər irəli sürülmür, lakin bu zaman onlar kreditlər üzrə faizləri daha yüksək edir, öz risklərini sığortalamağa çalışırlar.
Kreditin qaytarılması ilə bağlı çətinliklər
Kreditin ödəniş cədvəli də bir qayda olaraq, kredit müqaviləsinə əlavə olunur. Əgər hər hansı bir səbəbdən növbəti kredit ödənişini, həmin qrafikə uyğun şəkildə edə bilmirsinizsə, onda bank hər gecikmə günü üçün sizə cərimə faizləri hesablayacaq. Ona görə də mümkün çətinliklərlə bağlı bank mütəxəssisini öncədən xəbərdar etsəniz, bəlkə o zaman sizə müəyyən qədər möhlət verərlər.
Əgər kredit müqaviləsi bağlanana qədər bütün bank şərtləri ilə ətraflı tanış olsanız və bundan irəli gələrək öz imkanlarınızı qiymətləndirsəniz, onda kredit sizin üçün xilasedici jiletə çevrilə bilər, əks halda, o, ağır yük kimi sizi özü ilə birlikdə suyun dərinliklərinə çəkəcək. Ən vacibi isə odur ki, əgər kreditin aylıq ödənişləri gəlirlərinizin 40%-ni üstələyirsə, onda bu krediti rəsmiləşdirməyə dəyməz.
Könül Soltanova/Banco.az