"Komplayns qaydalarına riayət etmək yalnız biznesin gəlirliliyində deyil, həm də brendin beynəlxalq nüfuzunda özünü biruzə verir" | Banco.az

"Komplayns qaydalarına riayət etmək yalnız biznesin gəlirliliyində deyil, həm də brendin beynəlxalq nüfuzunda özünü biruzə verir"

Son dövrlərə qədər korporativ idarəetmə, daxili nəzarət və komplayns funksiyaları təşkilatın inkişaf istiqamətləri sona qədər mənimsənilməyən və tamamilə yeni bir məfhum kimi qəbul olunurdu. Lakin qlobal iqtisadi sıçrayışlar və pandemiya fonunda yuxarıda sadalanan istiqamətlər, xüsusilə də təşkilatlarda komplayns funksiyasının zəruriliyi getdikcə ön plana çıxmağa başlayıb.

Bu sahənin aparıcı peşəkarlarından biri, PAŞA Bankda Komplayns və İdarəetmə üzrə baş direktor, eyni zamanda, Azərbaycan Banklar Assosiasiyası nəzdindəki Komplayns və Çirkli Pulların Yuyulmasına qarşı mübarizə İşçi Qrupunun sədri Anar Kərimovla Azərbaycanda komplayns sahəsinin inkişafı və bu funksiyanı tətbiq edən şirkətlərin önündə duran perspektivlərdən danışmaq qərarına gəldik.

Anar bəy, müasir dünyada komplayns funksiyasının nə demək olduğu və hansı biznes problemlərinin həllinə yardım etməsi barədə oxucularımızı məlumatlandırardınız.

- İlkin mənada komplayns qurumun və ya şirkətin fəaliyyətinin bütün sahələrinin gündəlik monitorinqi vasitəsilə mövcud qanunvericilik və qaydalarla ziddiyyət təşkil edəcək hərəkətlərin qarşısının alınmasına yönəlmiş müxtəlif təşəbbüslər kompleksi anlamını verir. Korporativ iş etikasının qurulması və şirkətin bütün heyəti tərəfindən qanuna əməl edilməsi istənilən bir təşkilatın komplayns funksiyasının əsasında durur.

Bu sahə şərti olaraq iki hissəyə bölünə bilər: şirkət tərəfindən qaydalara və cari qanunvericiliyinə riayət edilməsinə nəzarət edən daxili istiqamət və bütün şirkətlərin fəaliyyət prinsiplərinin ətraflı şəkildə əks olunduğu milli və beynəlxalq qaydalara və prosedurlara uyğunluğu tənzimləyən xarici istiqamət. Komplayns, eyni zamanda, şirkətlərin səhmdarları və digər tərəflər də daxil olmaqla, istehlakçıların hüquqlarının qorunmasını təmin edir. Ümumiyyətlə, komplayns funksiyası bazarın davranış standartlarına riayət edilməsi, maraqların toqquşmasının idarə olunması, müştərilərə qarşı münasibətdə ədalətli və dürüst yanaşmanın təmin edilməsi kimi məsələlərlə məşğul olur. Sevindirici haldır ki, son dövrlərdə Azərbaycanda komplayns funksiyasına olan tələb və bu sahədə mütəxəssislərin çalışdığı şirkətlərin sayı artmaqdadır.

- Komplayns funksiyasının tətbiqi iqtisadiyyatın hansı sahələri üçün daha aktual və zəruridir?

 Komplayns iqtisadiyyatın bütün sahələrində mövcud olmalı, əsasən isə maliyyə bazarındakı iştirakçıların fəaliyyətinə təsir göstərməlidir. Maliyyə qurumlarının fəaliyyətində komplayns yanaşmasından istifadə edilməməsi banklardakı əmanətçilərin sərmayələrini itirməsi, müştərilərin bizneslərinin maliyyə və konsaltinq dəstəyindən məhrum olması kimi müxtəlif mənfi və hətta fors-major vəziyyətlərə səbəb ola bilər.

Ölkəmizdəki maliyyə institutları fəaliyyətlərində komplayns yanaşmasının tətbiqinə nə dərəcədə məsuliyyətlə yanaşır?

Bu və ya digər şəkildə ölkə iqtisadiyyatının inkişafına təsir göstərən qurumlar balanslaşdırılmış komplayns yanaşması və müvafiq tədbirlər kompleksinin həyata keçirilməsi ilə təşkilatı yalnız mümkün risklərdən qoruyacaqlarını deyil, həm də xeyli iqtisadi mənfəət əldə edərək fəaliyyətlərinin gəlirliliyinə və uğuruna təsir göstərə biləcəklərini anlamalıdır. Biznesin inkişafının fəal iştirakçısı olan banklar məhz bu növ təşkilatlar sırasındadır.

Bazarda ən müasir yanaşmaların və beynəlxalq təcrübənin tətbiq edilməsində ilk sıralarda yer alan PAŞA Bank, 2010-cu illərin əvvəllərindən etibarən maliyyə sektorunda komplayns funksiyasını yaradan ən birinci qurumlardan olub. Sevindirici haldır ki, son dövrlərdə Azərbaycanda fəaliyyət göstərən 26 bankın hər biri bu sahəyə fəal maraq göstərməyə başlayıb. Müvafiq heyət genişlənir, bu sahədə çalışan mütəxəssislər isə xaricdə təcrübə keçərək komplayns istiqaməti üzrə ən yaxşı beynəlxalq təcrübələrlə yerindəcə tanış ola bilir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, Azərbaycanda hələ çox gənc hesab edilən bu peşəkar istiqamət aktiv formalaşma və mövcud çatışmazlıqların aradan qaldırılması mərhələsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin koordinasiya şurası tərəfindən əsas vəzifəsi ölkədə komplayns mədəniyyəti səviyyəsinin yüksəldilməsi, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə müvafiq reytinqinin artırılması olan ixtisaslaşmış işçi qrupları yaradılıb.

 - Koronavirus pandemiyası komplayns funksiyasının iş prinsiplərini necə dəyişib?

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da pandemiya və onun səbəb olduğu məhdudiyyətlər bütün biznes sahələrinə təsir göstərib. Bankların komplayns funksiyaları da bu təsirdən kənarda qalmayıb.

Məsələn, maliyyə qurumlarının müştərilərinin rəqəmsal xidmətlərdən daha çox istifadə etməyə başlaması mümkün kiberhücum risklərinin və kənardan gələn mənfi müdaxilələrin artmasına səbəb olub. Bu baxımdan komplayns funksiyasının qarşısında gündəlik əməliyyatlara daha səmərəli nəzarət etmək və mümkün qədər insidentlərin qarşısını almaq tələbi durub.

Həmçinin 2020-ci ilin mart ayından etibarən Azərbaycanın valyuta bazarında xarici valyutaya olan tələbin artması və bununla bağlı valyuta bazarının tənzimləyicisi tərəfindən xarici valyutanın satışına müvafiq tələblərin müəyyən edilməsi bazarda spekulyasiya risklərinin artmasına səbəb ola bilərdi . Nəticədə, valyuta axınını təhlil etmək və şübhəli əməliyyatları müəyyənləşdirməkdən cavabdeh olan komplayns əməkdaşlarının bu kimi halların vaxtında qarşısını alması məsuliyyəti daha da artıb. Səmərəli şəkildə aparılmış iş nəticəsində dələduzların bazardakı fəaliyyətinin qarşısı alınıb.

 - Müsahibəmizin yekununda yaxın dövrlərdə yerli bazarda komplayns funksiyasının inkişaf perspektivləri barədə fikrinizi öyrənmək istərdik.

 - İqtisadiyyatın müasir inkişaf kursu göstərir ki, təlim keçmiş kadrların, fəaliyyətə düzgün şəkildə nəzarət edilməsi məqsədilə istifadə olunan funksiya və texnologiyaların mövcudluğu, o cümlədən bütün yerli və beynəlxalq normalara riayət edilməsi biznesin uğurunu şərtləndirən amillərdir. Bütün bu amillər yalnız təşkilatın gəlirliliyinə deyil, həm də brendin beynəlxalq nüfuzuna da birbaşa təsir etmə gücünə malikdir. Uzun illər bu peşəyə əmək sərf etmiş bir şəxs olaraq bankların və müəssisələrin gələcəkdə bu sahəyə daha fəal surətdə işçi cəlb etmələrini, onların peşəkar inkişafına sərmayə yatırmalarını istərdim.

Şadam ki, son illərdə Azərbaycanda komplayns sahəsinə marağın artması tendensiyası müşahidə olunur. Bu, yalnız böyük təşkilatlara deyil, kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlərə də aiddir. Bütün bunlar bizneslərin şəffaflığının artmasına, beləliklə də, ölkəmizdə biznesin davamlı inkişafı və beynəlxalq sərmayələrin cəlb edilməsi istiqamətində Azərbaycanın beynəlxalq müstəvidə reytinqinin yüksəlməsinə səbəb olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram