Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından sonra vətəndaşlarda güzəştlərin tətbiqi, kompensasiya mexanizmi və digər məsələlərlə bağlı suallar yaranıb.
İqtisadçı Vüqar Bayramov bir sıra suallara aydınlıq gətirib:
Kompensasiyadan sonra kredit borcu qalanlar borclarını necə qaytaracaqlar?
Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardır və onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borcu ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir və yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin.