Kəndlərdə yaşayan qadınlara sahibkarlıq təlimi keçiriləcək | Banco.az

Kəndlərdə yaşayan qadınlara sahibkarlıq təlimi keçiriləcək

BMT-nin  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ( FAO) nümayəndələri  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüblər. Görüşdə FAO-nun “Kənd  Ərazilərində Yaşayan Qadınların Kəndin Davamlı İnkişafının Sosial –iqtisadi və Gender Məsələləri üzrə İmkanlarının Artırılmasına Dəstək” layihəsinin aparıcı texniki əməkdaşı Hajnalka Petrics, layihənin Türkiyədən olan Milli Koordinatoru Senem Berber və ASK-nın məsul əməkdaşları iştirak ediblər.

FAO-nun “Kənd  Ərazilərində Yaşayan Qadınların Kəndin Davamlı İnkişafının Sosial –iqtisadi və Gender Məsələləri üzrə İmkanlarının Artırılmasına Dəstək” layihəsi ilə bağlı müzakirələr aparıldığı görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Layihənin aparıcı texniki əməkdaşı xanım Hajnalka Petrics bildirib ki,  bu pilot layihədir və iki ölkə sakinləri üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi sosial –iqtisadi aspektlər üzrə təlim və məlumatlılıq səviyyəsinin artırılması, ölkə səviyyəsində kənd qadınları üçün təlim və məsləhət xidmətinin gücləndirilməsi yolu ilə Azərbaycan və Türkiyədə kəndlərdə yaşayan qadınların imkanlarının artırılmasından ibarətdir. O, Azərbaycan Sahibkarlar Konfederasiya ilə bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti haqqında ətraflı məlumat verən Məmməd Musayev  isə çıxışında  FAO ilə Konfederasiya yaxından əməkdaşlıq etdiyini, bu yaxınlarda da birgə toplantı keçirdiklərini bildirib.

ASK-nın tərkibində 14 komissiyanın fəaliyyət göstərdiyini deyən M.Musayev qonaqlara  “Qadın sahibkarlığın inkişafı” komissiyasının fəaliyyəti ilə bağlı da ətraflı məlumat verib. O bildirib  ki, ASK-nın tərkibində fəaliyyət göstərən “Qadın sahibkarlığın inkişafı” komissiyasının qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atır.  M.Musayev qeyd edib ki, Komissiya üzvlərinin Almaniya və Gürcüstana  səfərləri zamanı xanım sahibkarlar  sözügedən ölkələrdəki tərəfdaşları ilə birgə müxtəlif görüşlərdə iştirak edərək, gələcək əməkdaşlıq imkanlarını araşdırmışlar.

Görüşün sonunda gələcəkdə bu istiqamətdə birgə əməkdaşlıq edilməsi üçün razılığa gəlinib.