Kənd təsərrüfatını necə inkişaf etdirə bilərik? | Banco.az

Kənd təsərrüfatını necə inkişaf etdirə bilərik?

Bu gün qeyri neft sektoru olaraq özündə böyük iqtisadi potensial cəmləşdirən kənd təsərrüfatı sektorunun geniş araşdırılmasına ehtiyac vardır. 

Avropa ölkələrinin ərzaq təhlükəsizliyi baxımından mühüm dəyər verdikləri orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ölkəmizdə kifayət qədər potensial vardır. Son zamanlar Dövlət başçısının imzaladığı fərman və sərəncamların məzmununa baxsaq, burada ölkə iqtisadiyyatının ixrac potensialını artırmaq və bu prosesləri reallaşdırmaq istiqamətində kifayət qədər mühüm tələblər müəyyənləşdirilmişdir. Bu istiqamətdə müxtəlif tərkibli işçi qruplar yaradılmış və hökümətin qarşısında mühüm icra tələbləri qoyulmuşdur.

Lakin proseslərdə bir durğunluq müşahidə olunur. Problemin kökünü yoxlasaq bir-biri ilə əlaqəli müxtəlif proseslərdən ibarət kompleks tədbirlərin həyata keçirilməsi zərurəti yaranır.

  • Bəziləri bunu kadr çatışmazlığı ilə əlaqələndirir. Kadr məsələsinə gəlincə bu sahədə fəaliyyət göstərən Aqrar Universitet mövcuddur. Universitetin fəaliyyət tarixinə, müəllim-professor heyətinə və maddi texniki bazasına gəlincə cari tələbləri təmin etmək iqtidarındadır. Lakin kompleks işlərə ehtiyac vardır. Belə ki Aqrar Universitetin fermer təsərrüfatları ilə əlaqəli işləməsinə ehtiyac vardır. Hər şey gəlib maddiyata söykənəndə işlər formal xarakter alır. İndi diplomlu kadr deyil, bacarıqlı kadr yetişdirmək lazımdır. Burada tələbə və məzunların öz üzərinə də böyük yük düşür. Onlar anlamalıdır ki, kiçik təsərrüfat sahibinə gənc mütəxəssis yetişdirmək sərfəli deyil, mütəxəssis müxtəlif maliyyə qaynaqlarından yararlanaraq təcrübi təlimlər keçməli, sahə üzrə innovativ yenilikləri daim izləməli və əmək bazarına bazarın tələbinə uyğun bacarıq və peşəkarlıq təklif etməlidir.
  • Növbəti hədəf sahə üzrə fəaliyyət göstərən elmi-tədqiqat institutlarıdır ki, bu müəssisələr həm Aqrar Universitetlə həm də fermer təsərrüfatları ilə sıx əməkdaşlıq etməli, kənd təsərrüfatının bütün sahələri üzrə dünya elminin yeniliklərini daima izləməlidir. Hazırda ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin baha başa gəlməsinin səbəbləri araşdırılmalı, yeni selleksiya və aqrotexniki metodlar təsərrüfatlara tətbiq edilməlidir.
  • Bundan başqa təsərrüfatların iş səmərəliliyinin artırılması üçün Su-Meliorasiya sisteminin mükəmməlləşdirilməsinə və bu sahədə zəruri infrostruktur layihələrinin reallaşdırılmasına ehtiyac vardır.
  • Kənd təsərrüfatının geriləməsinə səbəb olan ən vacib səbəblərdən biri də kənd əhalisinin şəhərə köç etməsi olmuşdur. Məhs insanların şəhərə köç etməsi sahə üzrə rəqabəti azaldır və insanları işdən soyudur. Çox yaxşı haldır ki, artıq bu prosesin əksi başlamışdır və bir vaxtlar şəhərə işləmək üçün üz tutmuş kəndlilər artıq geri qayıdırlar. Belə vaxtda bu insanların böyük təbliğata ehtiyacı vardır. Müvafiq sosial institutlar bu istiqamətdə təbliğat işləri aparmalıdır.
  • Bu istiqamətdə ən vacib məsələlərdən olan, idxal-ixrac əməliyyatları zamanı şəffaf nəzarət təşkil edilməli, şəffaf vergi sisteminin qurulmalı və cəmiyyətlə informasiya mübadiləsi formalaşdırılmalıdır. Belə ki kənd əhalisi ixrac təyinatlı məhsulu istehsal etməzdən öncə hansı xərclərlə qarşılaçacağını qabaqcadan bilməlidir ki, sonradan sürprizlərlə qarşılaşmasın.
  • Yekunda qeyd edək ki, xarici bazarlarda pay əldə etmək üçün təbii ki, kompleks marketinq tədbirlərinə ehtiyac vardır. Kompleks marketinq tədbirləri və xarici bazarların araşdırılması isə kəndlinin işi deyil. Elə burada “Kərəmi ağlamaq tutur”. Yuxarıda sadalanan tədbirlər də sadə kəndlinin imkan dairəsində deyil.
  • Əgər kənd təsərrüfatının inkişafını istəyiriksə Kollektiv birliklər yaradılmalıdır. Məhs iri Kollektiv birliklərin vasitəsi ilə Aqrar islahatları aparmaq mümkün olacaqdır. Yaxud alternativ iri təsərrüfatlar yaradılmalıdır ki, kompleks tədbirlər həyata keçirilsin. Əgər belə təsərrüfatlar yaradılarsa bu təsərrüfatların effektiv və səmərəli maliyyələşdirilməsi və sığortalanması mümkün olacaqdır.

Müəllif:  İqtisadçı ekspert - Zahid Şaliyev

Ən sərfəli kredit üçün müraciət et