Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuter Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Görüşdə Azərbaycan və Kanada arasındakı iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib.
ASK-nın prezidenti Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar haqqında məlumat verdi. Ölkəmizdə kifayət qədər tanınmış Kanada şirkətlərinin fəaliyyət göstərdiyini deyən M.Musayev iki ölkənin iş adamları arasında əməkdaşlıq əlaqələrin daha da genişləndirilməsini məqsədəmüvafiq hesab etdi. Bildirdi ki, bunun üçün mövcud potensialdan səmərəli istifadə edilməli , bu əlaqələrin inkişafında Azərbaycan Sahibkarlar Konfederasiyası öz imkanlarını səfərbər etməlidir. Kanada vətəndaşlarını Azərbaycana həm investisiya yatırmağa, həm də turist gəzintisinə dəvət edən M.Musayev bundan sonra iki ölkə arasında aqrar sektorun inkişafı istiqamətində səmərəli əməkdaşlıq qurulacağına ümid etdiyini bildirdi. Görüşdə ölkəmizdə aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi, pambıq,tütün, fındıq və s. kimi kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətli olduğu istisna edilməyib. Azərbaycan-Kanada sahibkarları arasında gələcəkdə müxtəlif biznes forumların təşkil edilməsi ilə bağlı müzakirələr də səfirin marağına səbəb olub.
Ölkə prezidenti İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edən səfir iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsində də maraqlı olduqlarını ifadə etdi. Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiyalar, nəqliyyat, turizm sahələrində bir sıra mühüm şirkətlərin fəaliyyət göstərdiyini deyən səfir ölkələrimiz arasında iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti olacağını da istisna etmədi.
Kanadalı diplomat özəl sektorun inkişafına dəstək olacaq layihələrin, bu sahədə ixtisaslaşmış Kanada şirkətlətinin təcrübəsindən yararlanmağı tövsiyyə etdi. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə dair vəd verdi.
Daha sonra Kanada şirkətləri ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair razılğa gəlindi.