İşdən çıxarkən təzminat almaq mümkündürmü? - MÜSAHİBƏ | Banco.az

İşdən çıxarkən təzminat almaq mümkündürmü? - MÜSAHİBƏ

Aida İSAQ, Banco.az

Müasir dövrdə insanlar müxtəlif sektorlarda fərqli peşə sahibləri olaraq fəaliyyət göstərirlər. Həmin fəaliyyət növünün gerçəkləşdirildiyi iş prosesi isə müvafiq əməkhaqqları ilə dəyərləndirilir. İnsanların həyat və iş şəraitlərini, xarakterlərini və ya digər səbəbləri nəzərə alsaq bəzi hallarda onlar işdən çıxmaq məcburiyyətində qalırlar. Nəticədə maddi bazanın zərərə uğraması ilə qarşılaşırlar. Bəs bu zaman işə götürən şəxslər və ya şirkət tərəfindən işçilərə hər hansısa təzminatlar ödənilməlidirmi?

Məsələylə bağlı hüquqşünas Vüsal Səfərov Banco.az-a açıqlama verib.

Bildiyiniz kimi, işdən çıxmanın altı halı mövcuddur: Əmək məcəlləsinin 68-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar var. Tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar, iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda bu proses həyata keçirilə bilər. Qeyd edim ki, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi işçinin və işə götürənlərin hüquqlarının yer aldığı kifayət qədər geniş sistem şəklində tərtib olunmuşdur. Burada işçinin hüquqları daha üstünlük təşkil edir. Lakin buna baxmayaraq işçilər öz hüquqlarını bilmədiklərinə görə, işə götürən şəxslər də onların hüquqi savadsızlığından istifadə edərək bəzən qanunvericiliyin tələblərini tam şəkildə tətbiq etmirlər.

İlkin mərhələdə işçinin əmək müqaviləsinin bütün xırdalıqları ilə yəni iş satı, iş şəraiti və digər şərtləri ilə tanış olmaq hüququ var. Bəzi hallarda bu qaydaya əməl olunmasa da lakin müqavilənin bir nüsxəsi işçiyə verilməlidir. Eyni zamanda işçi imzaladığı qaydalara tam şəkildə əməl edərək digər işlərin görülməsində iştirak etdiyi zaman əlavə əmək haqqı tələb edə bilər. İşdən azad olunma mərhələsində isə əgər işçi öz təşəbbüsü ilə işdən azad olmaq istəyirsə ən azı bir ay öncədən rəhbərliyə məlumat verməlidir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi isə əmək məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun gerçəkləşdirilir. Müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, sınaq müddəti zamanı işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, işçi işləmə yaş həddinə çatdıqda mövcud prosesin icrasına başlanıla bilər. Lakin bəzən mövcud proseslərin gedişatı zamanı işçilərin hüquqları çox kobud şəkildə pozulur. Məsələn işə götürən işçini işdən azad etmək istəyəndə ona təzyiq göstərərək öz istəyi ilə ərizə yazmasını tələb edir. Halbuki işçi çoz nizam-intizamlı, öz işini müvafiq müqaviləyə uyğun şəkildə davam etdirən kadr olsa da, öz istəyi olmadan ərizə yazması nəticəsində əmək məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilir. Eyni zamanda əgər işə götürən 70-ci maddənin A və B bəndinə (Müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə)əsasən işçini işdən azad etmək istəyirsə o, işçinin əmək təcrübəsinə uyğun olaraq onu əvvəlcədən məlumatlandırmalıdır.Yəni müəyyən müddətdən sonra işçini işdən azad edəcəyi ilə bağlı ona xəbərdarlıq etməlidir. Əks təqdirdə isə işə götürən vaxtından əvvəl öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verirsə işçinin əmək stajına müvafiq şəkildə kompensasiya ödəməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Vüsal Səfərov işə qəbul olma prosesi zamanı işçinin diqqət yetirməli olduğu məsələləri xüsusi vurğulayaraq əmək qanunvericiliyinə dəyişikliklər edilməsinin də gözlənildiyini bildirib:

"Növbəti vacib məqamlardan biri işə götürənin əmrinin surətinin, əmək kitabçasının, son haqq hesabının və digər işlə bağlı sənədlərin işçiyə təhvil verilməlisidir. Sözügedən proseslərin icrası gedişatında və işçi işdən azad olunduğu zaman hüquqlarının pozulması bildiyi gündən etibarən bir ay müddətində məhkəməyə müraciət etməlidir. Bu zaman işçi qanunsuz şəkildə işdən azad olunduğu tarixdən etibarən məhkəmə qərarının verildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqını nəzərdə tutan kompensasiyanın ödənilməsi və işə bərpa ilə bağlı iddia irəli sürməlidir.

Bəzi halarda işə götürən 70-ci maddənin c və ç bəndləri ilə işçiyə təzyiq göstərərək onun öz istəyi ilə ərizə yazmasına nail olur ki, bu da işçilərin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Məhkəmə prosesi zamanı isə işə götürən özünü haqlı tərəfdən göstərərək işçinin öz istəyi ilə ərizə yazdığını bildirir. Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının məhkəmələri daim işçinin xeyrinə qərarların qəbul edilməsinə maraqlıdır. İşəgötürən işçiyə münasibətdə iqtisadi cəhətdən daha üstündür. Avropa məhkəməsinin və Azərbaycan Respublikasının konstitusiya məhkəməsinin bununla bağlı qərarlarına müvafiq olaraq bir qaydalı şəkildə işçinin əsas gəlir mənbəyi mövcud işi olduğuna görə qismən işçinin xeyrinə qərarlar qəbul edilməsi üstü örtülü şəkildə tövsiyyə olunur.

Yaxın gələcəkdə işçinin hüquqlarının genişləndirilməsi , işçi və işə götürən arasında mübahisələrin minuma azaldılması üçün, pozulmuş hüquqlarının bərpasıyla bağlı əmək qanunvericiliyinə müəyyən dəyişikliklərin edilməsi gözlənilir."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram