İş yerindən ayrılmadan şəxsi bacarıqları necə inkişaf etdirmək olar? | Banco.az

İş yerindən ayrılmadan şəxsi bacarıqları necə inkişaf etdirmək olar?

Bacarıqlarınızı təkmilləşdirməyi və ya yenilərini əldə etməyi yenə də “sabah”a planlaşdırırsınız. Lakin o sabah gəldikdə yenidən növbəti “sabah”a təxirə salınır. Axı görüləsi o qədər iş var ki. Əgər iş sizə boş vaxt buraxmırsa və vəzifə öhdəlikləriniz yaradıcılıq ünsüründən məhrumdursa, çox güman ki, durğunluq hissi ilə tanışsınız. İşinizə zərər vermədən və ya ümumiyyətlə, iş yerinizdən ayrılmadan yeni biliklərə və informasiyaya yiyələnmək istəyirsinizsə, “Work.ua”nın ideyalarından yararlanın.

1. Təcrübə mübadiləsi aparmaq üçün başqa bir şöbədəki həmkarınızla görüş təyin edin.

Bəlkə, satış barəsində daha çox şey bilmək istəyirsiniz? Və ya Google Analytics haqqında? Hədəfləndirmə və ya dizayn proqramları barədə? Möhtəşəm təqdimatlar hazırlamağı və ya ustalıqla hesabat tərtib etməyi xəyal edirsiniz? Yoxsa diplom işi yazırsınız və mövzu ilə bağlı məlumatınız yoxdur?

Müdirinizlə və ya başqa bir şöbədəki yaxşı mütəxəssis hesab etdiyiniz həmkarınızla qısa şəxsi görüş rica etsəniz, heç biri imtina etməz. İstədiyiniz hər suala cavab tapmaq və həmkarınızı uzun müddət işdən yayındırmamaq üçün əvvəlcədən suallar siyahısını tərtib edin.

Həmçinin oxuyun: “Amazon”un təsisçisi artıq dünyanın ən varlı adamı deyil – SƏBƏB

2. Biznes ədəbiyyatını oxuyun.

Uzun illər eyni işi görsəniz də, qazandığınız bilikləri yeniləmək zəruridir. Peşəkar ədəbiyyat sizi bir çox yeniliklərdən agah edə bilər.

3. İxtisaslaşmış nəşrlərə, profilinizə uyğun bloqqer-mütəxəssislərə abunə olun.

Sosial şəbəkələrdə peşəkar cəmiyyətlərə qoşulun, “Youtube”da faydalı videolar izləyin. Beləliklə, hər zaman gündəm, istefalar və təyinatlar, fəaliyyət sahənizdəki tendensiyalardan xəbərdar olacaqsınız. Unutmayın ki, bütövlükdə bir karyera üçün yalnız müzakirələri oxumaq deyil, həm də onlarda iştirak etmək faydalıdır. Bu, faydalı əlaqələr qurmağa kömək edəcək, statusunuzu qaldıracaq (əlbəttə ki, özünüzü mütəxəssis kimi nümayiş etdirməyi bacarsanız).

Ən sərfəli kredit üçün müraciət et

4. İşdənxaric kiçik bir layihəni öz üzərinizə götürün.

Bu, sizə yeni bacarıqlar qazanmaq, portfelinizi və əlaqə siyahısınızı doldurmaq imkanı verəcək. Məsələn, hər hansı sosial şəbəkədə bir qrupun inkişafına kömək edə bilərsiniz. Şəbəkədə qrupun irəlilədilməsində hansı təşviqat metodlarının işlədiyi, hansının faydasız olduğu, çox oxunulan yazı yazmaq və sair barədə praktik təcrübə qazanacaqsınız.

Bəlkə də, işdənxaric məğul olduğunuz layihənin sizin əsl təyinatınız olduğunu başa düşəcəksiniz.

Həmçinin oxu: Karyera yüksəlişinə mane olan 6 yanlış fikir

5. Onlayn kurs keçin.

Yazının əvvəlində sizə çox vaxt aparmayacaq məsləhətlər vəd olunmuşdu. Ancaq hər hansı bir sahədə biliklərinizi ciddi şəkildə genişləndirmək və hətta başqa bir ixtisas əldə etmək istəyirsinizsə, distant təhsil olmadan bu, mümkün deyil. Nahar fasilələrində, işə gedərkən və oradan qayıdarkən yolda onlayn kursları və vebinarları dinləyə bilərsiniz.

Hal-hazırkı peşənin sizə uyğun olmadığını anlamısınızsa, həyatınızı kəskin şəkildə dəyişdirmək istəyirsinizsə, lakin yenidən təhsil almaq imkanınız yoxdursa, onlayn təhsil yeganə variantdır.

6. Mühazirə və seminarlarda iştirak edin.

Bir çox şirkətlər işçiləri üçün belə tədbirlər təşkil edir, bəzən onlara müvafiq sahələrin tanınmış mütəxəssisləri dəvət olunur. Təşkilatınızda bu tendensiya mövcud deyilsə, sosial şəbəkələrdə ixtisaslaşmış cəmiyyətlərdəki elanlara baxın. Bəlkə də, ofisinizin yaxınlığında bu cür açıq dərslərin tez-tez keçirildiyi bir universitet var və bu barədə indiyəcən xəbərsiz idiniz.

Nigar Umaxanlı, Finco.az