"Azərbaycan İpoteka Fondu" ASC bazarda baş verən proseslərə çevik reaksiya verəcək"
"Bu il ipotekanın genişləndirilməsi məqsədləri üçün ayrılması nəzərdə tutulan əlavə vəsaitin yeni yaradılmış səhmdar cəmiyyət ("Azərbaycan İpoteka Fondu" ASC - red.) vasitəsi ilə əhaliyə səmərəli çatdırılması istiqamətində işlər aparılacaq".
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Nazir qeyd edib ki, "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılmasını bu sahəsdə aparılan islahatların növbəti addımı kimi qiymətləndirib: "İpoteka Fondu ilə bağlı birincisi düzəlişin edilməsi ilk növbədə onunla bağlı idi ki, vaxtilə İpoteka Fondu Mərkəzi Bankın nəzdində yaradılmış bir qurum kimi fəaliyyət göstərirdi. Lakin, o zaman Azərbaycan prezidentinin verdiyi fərmanda da nəzərdə tutulmuşdu ki, İpoteka Fondu Mərkəzi Bankın nəzdində müvəqqəti fəaliyyət göstərəcək. Yəni, bu bir keçid dövrü üçün nəzərdə tutulan bir addım idi. Bundan sonra isə qurumun səhmdar cəmiyyətə çevrilməsi nəzərdə tutulurdu və artıq bu proses son fərmanla reallaşır. Eyni zamanda, bildiyiniz kimi, ölkə başçısı tərəfindən Nazirlər Kabinetinə və Mərkəzi Banka verilən tapşırığa görə, bu il ipotekanın genişləndirilməsi məqsədləri üçün əlavə vəsait ayrılması nəzərdə tutulub. Hesab edirəm ki, artıq vəsaitlər ayrılandan sonra "Azərbaycan İpoteka Fondu" ASC vasitəsi ilə bunun əhaliyə səmərəli çatdırılması istiqamətində işlər aparılacaq".
İpoteka kreditləri üzrə faizlərin aşağı salınmasını istisna etməyən nazir bildirib ki, hazırda bu məsələ araşdırılır: "Şübhəsiz, çalışacağıq ki, faizlər əhalinin alıcılıq qabiliyyətinə cavab versin, uyğun olsun. Digər tərəfdən, biz bazarda yaranmış vəziyyəti də nəzərə almalıyıq. Yəni, bunlar arasında müəyyən bir kompromis tapılmalıdır. Hesab edirəm ki, münasib faiz dərəcələri tapılacaq".
S. Şərifovun sözlərinə görə, ipoteka bazarında baş verən hadisələr daim diqqətdə saxlanılacaq və mənzillərin qiymətinin süni şəkildə artırılmasına imkan verilməyəcək: "Biz bir tərəfdən çalışacağıq ki, bazarda faiz dərəcələri yüksək olmasın, digər tərəfdən biz bazarda cərəyan edən hadisələri nəzərdən keçirməliyik və elə etməliyik ki, faiz dərəcələri aşağı olmaqla, eyni zamanda mənzillərin qiymətləri artmasın. Bunların arasında orta bir variant seçməliyik. Ona görə, həmin səhmdar cəmiyyət yaradılıb ki, o, bazarda baş verən proseslərə çevik reaksiya versin, prosesləri çevik tənzimləyə bilsin”.
Nazir qeyd edib ki, ipoteka kreditlərinin məbləğinin artırılması istiqamətində də addımların atılması planlaşdırılır. Onun sözlərinə görə, hazırda ölkədə tətbiq olunan ipoteka modeli saxlanılacaq və bu modelin inkişafı istiqamətində tədbirlər davam etdiriləcək. Bununla belə, S. Şərifov deyib ki, ipoteka sahəsində maliyyələşmə mexanizminə dair bəzi düzəlişlər ola bilər.
Qurum rəhbəri vurğulayıb ki, ipoteka kreditlərində ilkin ödənişin azaldılması məsələsinə də baxılacaq və münasib variant tapılacaq.