İpoteka kreditləri İpoteka Fondunun vəsaiti hesabına və bankların daxili vəsaiti hesabına verilə bilər. Bankların daxili vəsaiti hesabına verilən ipoteka kreditlərində faiz dərəcələri yüksək olur və müddət daha qısa müddət üçün verilir. İpoteka Fondu hesabında verilən kreditlər isə dövlət tərəfindən müəyyən edilən standart şərtlərdə verilməlidir. Bu şərtlərə nəzər salaq. İpoteka kreditini kimlər əldə edə bilər, hansı şərtlərlərə verilməlidir və hansı sənədlər tələb edilə bilər?! Bu sualların cavabı ilə BANCO.AZ-ın hazırladığı aşağıdakı yazımızda tanış ola bilərsiniz.
Beləliklə, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:
- Kredit milli valyutada və yalnız Azərbaycan vətəndaşına verilməlidir.
- Kredit, yalnız daşınmaz əmlakın çıxarışına sahib olan əmlaka verilməlidir.
- Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;
- İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;
- Borcalanın və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz; (2019 cu il ölkə üzrə yaşayış minimumu 180 AZN)
- Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
- Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
- İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
- Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
- İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
- Borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
- İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;
- İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;
- Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;
- Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;
- İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;
- İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;
- Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir;
- Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.
İpotea kreditin alınması üçün hansı sənədlər tələb olunur?
- Borcalanın şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
- Borcalanın yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
- Borcalanın iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
- Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (güzəştli ipotekada).
Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:
- Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
- Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.
İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri:
- Kredit üçün müraciət - İpoteka kreditinin verilməsi üçün elektron müraciət olunur və şəxsə qeydiyyat nömrəsi verilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır.
- Kreditin anderraytinqi –Təqdim olunan sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyyətinin, həmçinin ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir. Nəticədə, bank kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.
- İpoteka kreditinin rəsmiləşdirilməsi - bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və təsdiq edilir və yaranan hüquqlar dövlət qeydiyatına alınır.
- Kreditin verilməsi.
- Kredit üzrə öhdəliklərin icrası - müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.
Qeyd:Məqalə İpoteka Fondunun saytındakı məlumatlar əsasında hazırlanmışdır.