İnvestisiya təşviqi sənədi - investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq verilən, Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinəəsas verən sənəddir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnvestisiya təşviqi sənədinin verilməsi qaydasına əsasən investisiya sənədinin verilməsi üçün meyarlar aşağıdakılardır:
- investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
- investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
- investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.
Yuxarıda göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edir.
Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
- göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);
- nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;
- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.
Nazirlik müraciətə 5 iş günü müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır. İnvestisiya layihəsi bu göstərilmiş meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda Nazirlik investisiya təşviqi sənədini sahibkara verir və bu barədə məlumatı 3 gün ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir.
Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı ilə”İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri” təsdiq edilmişdir.
İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrinə aşağıdakılar daxildir:
Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması, qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması, bitkilərin intensiv becərilməsi, intensiv bağçılıq, bostançılıq və çayçılıq, iri buynuzlu mal-qaranın yetişdirilməsi, sənaye üsulu ilə balıq yetişdirilməsi, metal filizlərin hasilatı və emalı, qida məhsullarının istehsalı, içki istehsalı, tütün məmulatlarının istehsalı, toxuculuq sənayesi məhsullarının istehsalı, geyim istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı, ağac emalı və ağacdan məmulatların istehsalı, kağız və karton istehsalı, əczaçılıq məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı, tikinti materiallarının istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, alternativ enerji istehsalı, mebel istehsalı v.s bu kimi istehal sahələri aiddir.
İnvestisiya təşviqi sənədini almaq üçün müəyyən olunmuş minimal məbləğ region və iqtisadi fəaliyyət sahələrinə görə dəyişir. Fərmana əsasən, investisiya layihəsinin həcmi ilə bağlı müəyyən edilmiş minimal məbləğlər iqtisadi fəaliyyət sahələri və regionlar üzrə 200 000 manatdan 50 milyon manatadək müəyyən edilmişdir.
İnvestisiya təşviqi sənədi almış sahibkara hansı güzəştlər edilir?
“Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəşt:
- İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan azad olunur.
Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlər:
- investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi - 7 il müddətinə gəlir vergisindən azaddır;
- investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə vergidən azaddır;
- investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə idxal ƏDV-dən azaddır;
- İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır;
- İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır
Regionlara daxil olan inzibati ərazi vahidləri:
Region 1 - Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla)
Region 2 - Bakı ətrafı qəsəbələr və Abşeron rayonu
Region 3 - Sumqayıt şəhəri, Gəncə şəhəri
Region 4 - 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar
Region 5 – Naxçıvan MR, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları
Nümunə: Tibb avadanlıqlarının istehsalı iqtisadi fəaliyyət sahəsi ilə məşğul olmaq istəyən sahibkar üçün minimal investisiya tələbi: Bakı şəhərində (region 1) minimum 5 milyon manat, Abşeron rayonunda (region 2) minimum 3 milyon manat, Gəncə şəhərində (region 3) minimum 2 milyon manat, region 4 də minimum 1 milyon manat və region 5 də minimum 500 000 manat olmalıdır.
Nüsrət XƏLİLOV, banco.az