Müəllif: Gülnar Əhmədli, Banco.az
Müsahibimiz Afət Əhmədova 2005-ci ildə Azərbaycan Dillər Universitetini (ADU) bitirib. Müxtəlif şirkətlərdə bazar araşdırmaları, biznes proseslərin idarə edilməsi istiqamətləri üzrə çalışıb. 2013-cü ildə “ZIRA Natural & Gourmet” brendini yaradıb. O, 2022-ci ildə “EY” beynəlxalq şirkətinin ABB-nin tərəfdaşlığı ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibi olub.
Afət xanım “ZIRA Natural” brendinin yaranmasından tutmuş bugünkü fəaliyyətinə qədər hansı çətinliklərlə qarşılaşdıqlarını, necə uğur qazandıqlarını və digər maraqlı suallar ətrafında Banco.az-a danışıb.
– Afət xanım, necə oldu ki, “ZIRA Natural & Gourmet”i yaratmağı qərara aldız?
– Bundan öncə mən bir çox şirkətlərdə işləmişəm. Biznes proseslərin təşkili sahəsində mütəxəssis kimi çalışmışam. 10-15 il işləyəndən sonra artıq belə bir qərara gəldim ki, mən öz biznesimi qurmalıyam.
Çünki artıq bütün biznes proseslərdən xəbərdar idim. Bütün işlərin necə qurulduğunu görürdüm. Mənim həmişə arzum olub ki, öz işim olsun və 2013-cü ildə mən “Brightman BMC” şirkətini qurdum. Bu şirkət qeyri-neft sektorunda bazar araşdırması işləri ilə məşğuldur. Layihələrin birində biz Azərbaycanın təbiətini, təbii resurslarını, kənd təsərrüfatı potensialını araşdırmağa başladıq. Və mən araşdırdıqca bu işə vuruldum. Döndüm bazara baxdım ki, bu məhsullardan biz nə hazırlayırıq. Bu günə kimi Azərbaycandan yaş meyvə-tərəvəz daha çox ixrac olunur. Lakin digər ölkələrə nəzər salanda biz gördük ki, onlarda vəziyyət fərqlidir. Onlar yaş meyvə-tərəvəz ixracına çox da önəm vermirlər.
Onlar əlavə dəyər yaradan məhsullar istehsal edib satmaqla məşğuldurlar. Azərbaycan bazarına baxanda çox böyük bir boşluq gördüm. Birinci gördüm ki, Azərbaycanda premium sektor demək olar, mövcud deyil. Burada yerli istehsalda premium sektordan söhbət gedir. Və biz bunu yaratmaq qərarına gəldik. Düşündük ki, nəyə görə Azərbaycanın zəngin ənənələrini, mətbəxini dünyaya tərənnüm etməyək? Biz bizim mətbəxə, bizim mədəniyyətə aid olan məhsulları müasir qablaşmada dünya bazarlarına təklif etmək fikrinə düşdük. Beləliklə, 2015-ci ildə “ZIRA Natural” brendini yaratdıq.
– Məhsullarınızın satışı prosesində çətinliklər yaşadınızmı? Yerli məhsullara çox vaxt güvən az olur, bu baxımdan hansı problemləriniz olub?
– Bu stereotipi qırmaq üçün biz çox vaxt sərf etdik. Müxtəlif mağazalarda, supermarketlərdə daddırma aksiyaları keçirdik, insanları məlumatlandırdıq. Həmin dövr üçün Azərbaycanda konserv məhsullarının istehsalında, kimyasız, qatqısız, konservantsız əl işi və əsl evdəki kimi hazırlanmış məhsul yox dərəcəsində idi.
Biz çox çətinliklərlə üzləşdik. Təbii ki, insanları inandırmaq, onların illərlə formalaşmış fikrini dəyişmək asan bir şey deyil. Amma biz bunu addım-addım bacardıq. Bu, bir günün içində baş vermədi. Çoxlu maneələrlə üzləşdik. İnsanlarla danışıqlar aparırdıq, onları inandırmağa çalışırdıq, hətta mağazalarda daddırma aksiyalarında mən şəxsən özüm iştirak edirdim. Əsas məqsədimiz məhsulu həmin istehlakçıya satmaq deyildi. Bizim əsas məqsədimiz məhsulu istehlakçıya tanıtmaq idi. Müəyyən müddət keçdikdən sonra, artıq mağaza rəflərində, piştaxtalarda məhsullarımızın gündəlik olaraq satışının ciddi sürətdə artdığını gördük.
– Stereotipləri nə vaxt qıra bildiz? İstehlakçı sizə nə zaman inamla yanaşmağa başladı?
– Bizim əsas fəaliyyətimiz ixracdan ibarətdir. Məhsullarımızın, təbii ki, yerli bazarda müəyyən bir çəkisi, dövriyyəsi var. Amma bizim amalımız Azərbaycan məhsullarını dünya bazarlarında tanıtmaqdır. Biz müxtəlif ölkələrə ixrac etdikcə, Azərbaycan istehlakçısı öz məhsuluna inandı. Biz məhsullarımızı Azərbaycan məhsulu üçün ənənəvi olan bazarlara çıxardıq. Burada Rusiya, Ukrayna, Belarus, Qazaxıstan bazarları var. Biz bunların hamısında öz məhsullarımızı, təbii ki, uğurla satırıq. Amma bizim əsas mesajımız, əsas uğurumuz Azərbaycan məhsulu üçün standart olmayan ölkələrə çıxmaq oldu. Buraya daxildir Yaponiya (biz ora aktiv şəkildə ixracla məşğuluq), Polşa, Amerika Birləşmiş Ştatları, yəni, bu ölkələrə çıxış əldə edəndən sonra artıq Azərbaycan istehlakçısı bizə inandı. Gördü ki, bəli, “Azərbaycan məhsulu” stereotipini artıq dəyişmək zamanı gəlib və mən bunu şirkətimizin əsas nailiyyəti kimi qəbul edirəm.
– Qadın sahibkar olaraq başlanğıcda hansı çətinliklər oldu?
– Normalda qadın üçün qeyri-ənənəvi bir sahə seçmişəm. Adətən xanımlarımız digər sahələrə – tekstilə, gözəllik və sağlamlığa üz tuturlar. Amma mənim həmişə həvəsim olub ki, işin ən çətinindən yapışım. İstehsal məni həmişə cəlb eləyib. Bilirdim ki, bu çox ağır və tikanlı yoldur. Amma bu, məni çəkindirmədi. Bizdə sadəcə çətinlik olmayıb. Bizdə dözülməz çətinlik olurdu. Çünki biri var ki, siz artıq bəlli bir işləyən formuladan başlayırsınız, onu daha yaxşı yerinə yetirirsiniz və uğur qazanırsınız. Biri də var ki, siz mövcud olmayan bir sfera, seqment yaradırsınız və ətrafdakı insanları buna inandırmağa çalışırsız. Bu çox çətin bir prosesdir. Eyni zamanda, çox böyük psixoloji güc tələb edən bir sahədir.
– Sizin üçün uğur nə deməkdir?
– Bəziləri deyir ki, mənim məqsədim hər hansı bir dövriyyəyə yetişməkdir. Elə bir mərhələyə çatım ki, mən özümü uğurlu hesab edim. Ancaq mənim üçün uğur çox sadə bir formuladadır. Mənim üçün uğur mağazada hər hansı bir istehlakçıya kənardan baxıb, onun bizim məhsulu alıb sevgiylə öz səbətinə qoymağını görməkdir. O an bizim üçün hər şey deməkdir. Mən inanıram ki, vicdanla işləsən, yüksək keyfiyyətli məhsul istehsal etsən, əlindən gələn hər bir şeyi etsən, uğur sənin arxanca gələcək.
– Xarici nəhənglərin olduğu bazarlarda Azərbaycan brendini tanıtmaq sizə çətin deyilmi?
– Dünya bazarında nəhənglər çoxdur. Bəli, onların yüzilliklər, onilliklərdir ki, bazarda öz trendləri, öz konsepsiyaları var. Belə böyük nəhənglərin olduğu bazarda təbii ki, rəqabət aparmaq çox çətindir. Amma biz həmin nəhənglərlə rəqabətə girmək yolunu tutmadıq. Biz dünya bazarına özümüzə məxsus olan, heç bir yerdə təkrarlanmayan və Azərbaycan milli koloritini önə çıxaran məhsullarla girdik. Biz Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə xas olan endemik məhsullarla bazara girdik və buna görə biz öz yerimizi tuta bildik. Fərqli tərzdən yanaşdıq və ona görə dünya bazarlarında öz sözümüzü deməyə müvəffəq olduq. Nəzərə almaq lazımdır ki, məhsul nə qədər unikal olsa da, öz ölkənin pozisiyasını dünya bazarında saxlamaq heç də asan bir məsələ deyil. Çünki burada məhsuldan əlavə ölkələrin bir-biri ilə yarışı gedir. Biz də Azərbaycanı məxsusi iqliminə, tarixinə, coğrafi lokasiyasına görə, bir çox təkrarolunmaz xüsusiyyətlərini bir portfolioya yığdıq və dünyada təmsil edirik. Proses indi də davam edir. Biz hələ yolun başlanğıcındayıq. Bizə onilliklər lazımdır ki, “Made in Azərbaycan” sloqanını dünyada çox məşhur edək.
– Əvvəlki söhbətlərimizdən birində işçilərinizin yaşlı qadınlardan ibarət olduğunu demişdiniz, nə üçün bu yaş kateqoriyasından olan xanımlarla işləməyi seçmisiz?
– Bəli, bizim işlədiyimiz xanımlar əsasən 45-50 yaşından yuxarı olan qadınlardır. Bu qadınların çoxunun ali təhsili yoxdur. Bəzilərinin heç orta təhsili də tam deyil. Bu qadınların demək olar ki, 70-75 faizi heç bir zaman heç bir işdə çalışmayıblar, əmək təcrübələri yoxdur.
Biz bu qadınları niyə seçirik? Birinci, bunun sosial tərəfi var ki, belə bir işçi qüvvəsi əmək bazarında çox da tələb olunmayan işçi qüvvəsidir. Həm də bu qadınları önə çəkməklə Azərbaycan qadını - Azərbaycan anası ideyasını, fikrini önə çəkmək istəyirik. Azərbaycan qadınının fədakarlığı, onun mehribanlığı, bu hissin gözəlliyi və özəlliyi təkrarolunmazdır. Eyni zamanda, bu qadınlar evdar xanımlardır. Onların gözəl evdarlıq, əl qabiliyyətləri var. Biz bu qadınların əməyindən istifadə etməklə, onları əmək fəaliyyətinə cəlb etməklə, əslində onların gözəl evdarlıq qabiliyyətlərini vurğulamış oluruq. Biz həmin qadınlara təlimlər keçirik. Təbii ki, onlar yeməklərin, cemlərin, mürəbbələrin, sousların necə hazırlanmasını çox gözəl bilirlər. Amma bunu sənaye miqyasında eləmək artıq əlavə vərdişlər tələb edir. Bunun üçün onlar maarifləndirilməlidirlər, sanitar-gigiyenik qaydalar barədə əlavə təlim görməlidirlər. Hər bir şeyin necə hazırlandığını öyrənməlidirlər və qaydalara riayət vərdiş halını almalıdır.
Eyni zamanda, bu, onlar üçün yeni başlanğıc deməkdir. Biz xanımlara iş verdikcə artıq xanım köklü dəyişir, özünün maaşı olur, özünün gəliri olur, özünə inamı olur, hətta bu yaşdan sonra belə çalışıb müəyyən bir karyera qurmaq əminliyini həm özündə hiss edir, həm də başqalarına ötürür.
– Afət xanım, sizə bu yolda nə motivasiya verir?
– Mənə əsas motivasiyanı verən mənim ölkəmə olan sevgimdir. Mən bu ölkəni bütün qəlbimlə, varlığımla sevirəm. Hər dəfə ölkəmin dünya arenalarında təhrif olunması mənə fiziki ağrı və mənəvi əzab verirdi. Çünki dünyada həmişə Azərbaycandan danışılanda ermənilərin tərəfi tutulurdu. Fərqi yoxdu, bu hansı cəmiyyət idi. Avropa, Amerika cəmiyyətində, dünyanın sözü keçən ölkələrinin çoxunda Azərbaycana qarşı həmişə ikili standartlar tətbiq olunub. Azərbaycana həmişə heç bir perspektivi olmayan, yalnız neft və qaz resursları əsasında fəaliyyət göstərən bir ölkə kimi yanaşılıb. Azərbaycanın digər dəyərləri, digər xəzinələri danılıb, uğurlarımız həmişə qısqanclıqla qarşılanıb. İstəyirəm ki, həqiqət öz yerini tutsun – Azərbaycan qaz və neft ölkəsi olmasından kənara çıxıb dünyaya inteqrasiya olunmuş, yüksək templərlə inkişaf edən çağdaş bir ölkə kimi öz layiqli qiymətini alsın. Mənim içimdə həmişə bir fikir var idi ki, günlərin bir günü biz bunu dəyişəcəyik. Biz də ədalət görəcəyik. Ölkəmə olan sevgim mənim motivasiyamdır.
– Gələcək planlarınız nələrdir? Məhsul çeşidlərinizi artırmağı düşünürsünüzmü?
– Gələcək planlarımız çox geniş və ambisiyalıdır. Bu həm daxili bazara, həm xarici bazarlara aiddir. Daxili bazarda biz son zamanlar “Bizimki” brendi altında sosial konserv məhsulları buraxmışıq. Bu çox əlçatan qiymətlərə, çox yüksək keyfiyyətli məhsulların əhaliyə təqdim olunmasıdır. Əsas məqsədimiz Azərbaycan əhalisinin dünya standartlarına uyğun məhsullarla təmin olunmasını təşkil etməkdir. Biz normalda premium və orta seqmentlərdə çalışırıq. Məqsəd eyni premium keyfiyyəti ekonom qiymətə xalqımıza təqdim etməkdir. Yerli bazarda bizim məqsədimiz ölkənin ən böyük ixracatçısına çevrilməkdir.
Biz heç vaxt pulun arxasınca qaçan bir şirkət olmamışıq. Bizim üçün ən vacib olanı keyfiyyətimiz və qarşımıza qoyduğumuz məqsəddir. Hazırda 65 növ məhsulumuz var və gələcəkdə təbii ki, həmin məhsulların sayını 150-200-ə qədər artırmağı düşünürük. Müxtəlif istehsal xətləri buraxmaq istəyirik. Həmçinin, gələcək üçün həm turşular, həm kompotlar, həm ədviyyatlar, həm başqa cür gündəlik işlənilən yüksək keyfiyyətli məhsulların normal qiymətlərlə əhaliyə təqdim olunması çox önəmli məsələlər siyahısında durur.
– Yeni başlamaq istəyən sahibkarlara hansı məsləhətləri vermək istərdiniz?
– Yolları açıq olsun, uğur onlara yar olsun. Hər nə iş görürlərsə, görsünlər, əsas keyfiyyətə fikir verməkdir. Çünki bu gün dünyada keyfiyyət öz sözünü deyir. Keyfiyyət əgər yüksək standartlara cavab verərsə, artıq onu heç kim dana bilməyəcək.
Sahibkar olmaq istəyənlərə başqa sözlər demək o qədər də yerinə düşməz. Çünki əgər insan artıq sahibkar olmağa qərar veribsə, deməli, artıq müstəqil fikirli bir insandır. Sahibkarlıq fəaliyyətinə başlamaq üçün hazır biznes planı var. Artıq nə edəcəyini bilir, yol xəritəsini cızıb. Yəni, belə bir insanlara məsləhətim, sadəcə olaraq, keyfiyyətə önəm vermək olar. Azərbaycanın torpaq resursları kifayət qədər məhduddur. Bizim qonşularımızın böyük torpaq resursları var. Azərbaycanın torpaq resursları onlara nisbətdə çox kiçikdir və buna görə də biz yalnız və yalnız həcmlə yox, keyfiyyətlə öz sözümüzü deyə bilərik. Keyfiyyətlə başqalarının arasından fərqlənə bilərik.
– Müsahibə üçün təşəkkürlər Afət xanım. Gələcək işlərinizdə sizə uğurlar arzu edirik!
– Təşəkkür edirəm!