İndi Azərbaycanda çoxsaylı bitkoin sahibləri var | Banco.az

İndi Azərbaycanda çoxsaylı bitkoin sahibləri var

Azərbaycanda kifayət qədər kriptovalyuta, xüsusilə bitkoin sahibləri var. Bunu blokçeyn üzrə mütəxəssis Məryəm Tağıyeva-Zeynalova deyib.

Onun sözlərinə görə, Azərbaycanda texniki cəhətdən inkişaf etmiş bir ölkə kimi, ən qabaqcıl texnologiyaların tətbiqinə tələbat var: "Bakıda bitkoin alan kommersiya mənbələrinin və təşkilatların olduğunu bilənlərin sayı azdır. Azərbaycanda kriptovalyutanın ticarət tərəfinə maraq var. Əsas odur ki, ölkədə blokçeyn texnologiyasının öyrənilməsi və tətbiqi təşviq olunur. Blokçeyn texnologiyası və kriptovalyuta haqqında müntəzəm tədbirlər və təlimlər keçirilir".

Mütəxəssis bildirib ki, kriptovalyuta daha çox özəl investisiyaya oxşadığına görə həm də risklidir: "Blokçeyn texnologiyasında isə vəziyyət bir qədər fərqlidir. Nisbətən yeni olmasına baxmayaraq, blokçeyn texnologiyası artıq böyük miqdarda məlumatların idarə olunması üçün effektiv və etibarlı bir vasitə kimi özünü sübut edib. Sürət, xərc və təhlükəsizlik baxımından blokçeyn texnologiyası mövcud sistemləri yaxşılaşdırma potensialına malikdir. Texnologiya bir çox sahələrdə, məsələn, bankçılıq, logistika, təhsil sektoru üzrə tətbiqlərə malikdir. Bu səbəbdən IBM, "Microsoft", "Mastercard", "Amazon" və s. kimi iri şirkətlər öz işlərində blokçeyn texnologiyasından aktiv istifadə edirlər. Bu texnologiyanın araşdırılması və tətbiqi üçün sərmayə qoyuluşu sərfəlidir".

Ekspert qeyd edib ki, hazırda beynəlxalq bazarda bir çox kriptovalyutalar mövcuddur. Buna baxmayaraq bitkoin satışda lider mövqeyini saxlayır: "Səbəb odur ki, bitkoinin istifadəsində nisbətən rahatlıq var, bu valyuta ilə mağazalarda (məsələn, Sinqapurda, Cənubi Koreyada) ödəniş edə bilərsiniz, aviabiletlər almaq, vergi və təhsil haqqı (Almaniya, İsveçrə, Fransa və s.) ödəmək olar".

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssis onu da deyib ki, bitkoinin qiyməti son dərəcədə dəyişkəndir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalının rəhbəri Zaur Qardaşov isə Trend-ə bildirib: "Dünya ölkələri qarşısında hazırda seçim dayanıb – qiymətli kağız, valyuta və ya virtual məhsul. Bu seçimdən asılı olaraq kriptovalyutanın gələcək taleyi müəyyən ediləcək və Azərbaycan da bu prosesdən kənarda qalmır".

Onun sözlərinə görə, Azərbaycanda hazırda hüquqşünaslar və ekspertlər bu istiqamətdə işlərini davam etdirir və Azərbaycanın kriptovalyuta mərkəzləri sırasında adının çəkilməsi yaqin ki, yaxın gələcəyin işidir.

"Bir çox ölkələr kriptovalyuta ilə bağlı hələ də öz qərarlarını verə bilmədikləri halda digərləri kriptovalyutanın azad olduğu ölkələrin top onluğuna daxil olma şərəfinə nail olurlar. Məsələn, Türkiyə və Belarus kimi. Bu günlərdə ABŞ-ın Georce Mayson universitetində yeni maliyyə texnologiyaları ilə bağlı simpoziumda iştirak edirdim. Kriptovalyuta ilə bağlı təqdimat hissəsində Belarusun adının ABŞ, Yaponiya və Finlandiya kimi ölkələrlə eyni sırada çəkilməsi bu ölkə üçün artıq böyük uğurdur. Məhz bu səbəbdən, innovasiyalara vaxtında reaksiya və onların tətbiqi ölkə üçün ilk növbədə həm də bir imic dividenti qazandırır. Digər tərəfdən, tənzimlənməyən sahə qeyri-müəyyənlik yaradır və hər kəs buna öz bildiyi rakursdan yanaşır".

Trend.az