İİB Azərbaycanda islam bankçılığının dəstəklənməsi proqramını təsdiqləyib | Banco.az

İİB Azərbaycanda islam bankçılığının dəstəklənməsi proqramını təsdiqləyib

İslam İnkişaf Bankı (İİB) islam bankçılığı sahəsində ölkənin qanunvericilik bazasına əlavə və dəyişikliklər edilməsi layihəsinin hazırlanmasında Azərbaycan hökumətinə texniki kömək göstərilməsi proqramını təsdiqləyib. Bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib.

O, qeyd edib ki, texniki yardım göstərilməsi haqqında müqavilə hazırki mərhələdə ölkənin Nazirlər Kabineti və İslam İnkişaf Bankı ilə razılaşdırılma mərhələsindədir.

Bundan başqa, B.Qurbanzadənin sözlərinə görə, ölkənin bank qanunvericiliyndə əlavə və dəyişikliklər edilməsinə də ehtiyac var: "Bu dəyişikliklər olmadan xarici maliyyə bazarı ilə çalışmaq son dərəcə çətin olacaq".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı islam bankçılığı çərçivəsində xidmətlərin göstərilməsinə ötən ilin aprelindən başlayıb. Bu gün islam maliyyələşdirməsi çərçivəsində aktivlərin ümumi həcmi 180 milyon dollar təşkil edir. ABB-nin İslam Bankçılığı Departamenti korporativ müştərilərə və fiziki şəxslərə xidmətlər göstərir. Bank tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəal iş aparılır. ABB mütəxəssislərinin və bir sıra nazirlik və dövlət təşkilatlarının nümayəndələrinin daxil olduqları işçi qrupu Azərbaycanda islam bankçılığının tənzimlənməsi üçün təkliflər paketi hazırlayır.

Mənbə: trend.az