İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sosial şəbəkələr vəsitəsilə Kamran Abdıyev və Xəqani Niftalıyev adlı vətəndaşlara orqan köçürülməsi məqsədi ilə vəsaitin toplanması ilə bağlı məlumatlar daxil olub.
19 dekabr tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən Agentliyə Kamran Abdıyevin böyrək transplantasiyasına ehtiyac olmasına dair məktub ünvanlanıb. Hazırda vətəndaş əməliyyatönü müayinələrə cəlb olunub, donor olmaq istəyən vətəndaşın donor uyğunluğu qiymətləndirilir. Uyğun olduğu təqdirdə böyrək transplantasiyası əməliyyatı icbari tibbi sığorta hesabına icra olunacaq.
Qaraciyər transplantasiyası əməliyyatına ehtiyacı olan Xəqani Niftalıyevin isə canlı donoru olmadığı üçün əməliyyatın icrası hazırda mümkün deyil. Donor olduğu təqdirdə sözügedən əməliyyat icbari tibbi sığorta çərçivəsində tam qarşılanacaq.
Qeyd edək, orqan və toxumaların köçürülməsi zamanı iki subyekt əsas götürülür: Donor və resipiyent. Donor– öz orqan və ya toxumalarını xəstə şəxsə köçürmək üçün könüllü olaraq verən şəxsdir. Resipiyent – müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən (qəbul edən) şəxs hesab edilir. Transplantasiya üçün bir canlı donorun da əməliyyata hazırlanması və əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir.
Orqan transplantasiyasına ehtiyacı olan vətəndaş sənədləri ilə bir yerdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə birbaşa müraciət etməlidir. Koordinasiya Mərkəzi Bakı Sağlamlıq Mərkəzində yerləşir. Koordinasiya Mərkəzinin nümayəndəsi pasiyentin (əvvəlki tibbi müayinə nəticələrini) sənədləri ilə tanış olur. Bu sənədlər klinik, laborator və instrumental müayinələrin nəticələri və müvafiq ixtisas üzrə həkim-mütəxəssislərin rəyləri daxil olmaqla, müalicə aldığı tibb müəssisəsindəki xəstəlik tarixindən çıxarış (epikriz) ola bilər. Resipiyentə tibbi baxış keçirilərkən, əlavə müayinələrin aparılması barədə qərar qəbul edilə bilər.
18 yaşına çatmış birinci dərəcəli qohumu donor olmağa razıdırsa pasiyent müvafiq lisenziyası olan tibb müəssisələrindən birinə yönləndirilir. Həmin xəstəxanada transplantasiya üzrə Komissiya üzvləri əməliyyatın zəruriliyi barədə rəy verir.
Bu qərar Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə göndərilir. Bundan sonra Mərkəz transplantasiya əməliyyatının hazırlıq prosesinə başlamaq üçün icazə verir.
Ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsaitin toplanılmasına dair müraciətlərlə qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat verməyinizi rica edirik. Vətəndaşlar Agentliyin “1542” Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən “Zəng sifariş et” və "Elektron müraciət" bölmələri, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Müvafiq tibbi xidmət icbari tibbi sığorta təminatına daxildirsə vətəndaşlara ödənişsiz tibbi yardım göstəriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!