İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu məhdudlaşdırır | Banco.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu məhdudlaşdırır

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və qurumun insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə alaraq, infeksiyanın ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə qərar verilmişdir. Bununla bağlı dövlət və özəl sektora aid qurumlardan, həmçinin vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunmuşdur.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş təcili, təxirəsalınmaz və yerinə yetirilməsi məcburi olan qərarların icrası olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu martın 17-dən başlayaraq məhdudlaşdırır.

Bu dövr ərzində Agentliyin səlahiyyətinə aid məsələlərlə, eləcə də koronavirusla bağlı müraciətlər qurumun 1542 “Çağrı” mərkəzi və ya 012 310-07-70 telefon nömrəsi vasitəsilə qəbul ediləcək. “Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Yazılı müraciətlər isə yalnız elektron qaydada Agentliyin [email protected] elektron poçt ünvanı, həmçinin https://its.gov.az/ rəsmi internet səhifəsinin “Elektron müraciət” bölməsi vasitəsilə qəbul ediləcək. Vətəndaşlar tərəfindən müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mövzusu müəyyən edildikdən sonra vətəndaş aidiyyəti struktur bölməyə və ya tibb müəssisəsinə yönləndiriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən koronavirusla bağlı profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaqlar.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.