Tərlan Qəhrəmanova, Banco.az
Son dövrlərdə insanlar maddi çətinliklərini həll etmək üçün kredit əldə etməyə üstünlük verirlər. Bunun üçün onlar müxtəlif kredit təşkilatlarına - bank, BOKT və lombardlara üz tuturlar. Bəs bu təşkilatların hər birindən kredit götürmək mümkündürsə, bunlar arasında fərq nədən ibarətdir? Müştəri üçün bank, BOKT və lombarddan kredit götürməyin hansı üstünlükləri və ya riskləri var?
Bu suallara iqtisadçı ekspert Elman Sadıqov Banco.az-a açıqlamasında aydınlıq gətirib. O, bu təşkilatların bir-birindən kreditləşmə, portfelin diversifikasiyası, faiz dərəcələri, kreditlərin verilmə sürəti və kreditlərin müddətinə görə fərqləndiyini vurğulayıb:
“Bəli, tamamilə doğrudur. Vətəndaşlar həm banklardan, həm BOKT-lardan, həm də lombardlardan kredit götürə bilərlər. Ümumiyyətlə, vətəndaşlar həmin təşkilatlardan əlavə olaraq birbaşa mənzil-tikinti kooperativlərindən (MTK), ayrı-ayrı mağazalardan nisyə (kreditə) məhsul götürürlər. Bunun özü də əhalinin kreditlə yüklənməsinə səbəb olur.
Banklar, BOKT-lar və lombardlar arasındakı fərqə gəldikdə isə banklar və BOKT-lar arasındakı fərq nisbətən azdır. Banklar daha çox Mərkəzi Bankın təlimatlarına, normativ aktlarına əsasən kreditləşməni həyata keçirirlər və burada kreditləşmə ilə bağlı tələblər daha sərtdir. Çünki banklar öz vəsaitləri ilə yanaşı, əhalinin depozitləri hesabına da kreditləşmə həyata keçirirlər. BOKT-larda isə kreditləşmə zamanı daha çox səhmdar kapitalından istifadə olunur. Doğrudur, burada da normativ tələblər gözlənilir. Lakin BOKT-larda daha çox istehlak kreditləri və mikro kreditlər üstünlük təşkil edir. BOKT-larda yüksək məbləğli kreditlər olmadığı üçün burada risklər nisbətən aşağıdır. Banklarda isə orta və böyük sahibkarlara da kreditlər verilir ki, bu məbləğlər bəzən çox yüksək olur.
Lombardlarda isə tamamilə fərqlidir. Ümumiyyətlə, lombardların təklif etdiyi kreditlər ən aşağı riskli kreditlər hesab olunur. Çünki lombardlar həmin kreditləri əhaliyə girovla verirlər. Amma bank və BOKT-larda istehlak kreditləri girovsuz və ya zaminlik əsasında verillir. Bu kreditlərdə girov tələb olunmadığı üçün bunun özü də daha yüksək risk daşıyır. Lombard kreditlərində isə girov qismində qiymətli əşyalar, xüsusilə qızıl iştirak edir. Bu səbəbdən də həmin girovun (daşınmaz əmlak və digər daşınar əmlaklarla müqayisədə) realizasiyası nisbətən likvid olduğu üçün risk aşağı olur. Həm də lombardlar çox aşağı məbləğli kreditlər verirlər ki, bunun özü də portfelin diversifikasiyası üçün müsbət amillərdən biridir.
Lombardlarda əsas tələblərdən biri işin düzgün qurulması məsələsidir. Lombardlardan kredit götürərkən sənədləşmə işi az olduğundan müştəri daha az vaxt itkisi ilə üzləşir. Başqa sözlə desək, ona lazım olan vəsaiti qısa müddətdə əldə etməklə, öz qısamüddətli problemlərini həll edir. Məsələn, bəzən lombardan bir həftəlik, 10 günlük, 1 aylıq kreditlər götürülür. Amma banklardan bu cür kreditlərin götürülməsi o qədər də sərfəli olmaz. Lakin uzunmüddətli kreditlərdə banklar və BOKT-lar daha sərfəlidir. Çünki onlarda faiz dərəcələri nisbətən aşağıdır. Faiz dərəcələrinə gəldikdə isə bank, BOKT və lombardlarda ardıcıl olaraq faiz dərəcələri artır. Yəni, faiz dərəcələri banklarda daha aşağı, BOKT-larda nisbətən yüksək və lombardlarda isə daha yüksək olur.
Hər bir halda bu təşkilatlar arasında kreditləşmə, portfelin diversifikasiyası, faiz dərəcələri, kreditlərin verilmə sürəti və kreditlərin müddəti fərqlənir. Əhali də götürəcəyi kreditin məbləğindən, müddətindən, girov imkanlarının olub-olmamasından, iş yerindən və s. asılı olaraq həmin təşkilatların birinə müraciət edir.”
Əlavə olaraq qeyd edək ki, banklardan kredit əldə etmək üçün Banco.az-ın Onlayn Kredit Sifarişi xidmətindən yararlana bilərsiniz. Bunun üçün linkə keçid edərək tələb olunan məlumatları doldurduqdan sonra "Sifariş et" düyməsini klikləyirsiniz. Banklar sizinlə 1-2 iş günü ərzində əlaqə saxlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!