Xalqının artan tələbatlarını qarşılaya bilməyən hər bir dövlət xarici ölkələrə üz tutur. Lakin bu proseslər təkcə tələbatları ödəyə bilməməkdən qaynaqlanmır. Klassiklərin nümayanədəsi olan iqtisadçı David Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsinə görə, hər hansı bir ölkə və ya ayrıca sahibkar digərləri ilə müqayisədə əmtəə və xidmətləri daha aşağı alternativ xərclə istehsal edə bilirsə, həmin məhsulu ixrac, əks halda idxal etməlidir. Dünyada ən çox idxal edən ölkələr isə ABŞ, Çin, Almaniya, Yaponiya və Fransadır.
Azərbaycanın idxalına nəzər yetirdikdə isə müstəqilliyindən sonra onun durmadan artdığının şahidi ola bilərik. Son 20 ildə idxalın həcmi 10.7 dəfə artmışdır. Lakin 2013-cü ildən 2017-ci ilə qədər 4 il müddətində idxalda azalma müşahidə olunub. Bu azalmaya baxmayaraq ötən ildə artıq idxalın həcmi (dəyəri) 11.5 milyard ABŞ dolları olub. İdxalın həcmi 2017-ci ilə nisbətən 2018-ci ildə 30.5% artmışdır.
MDB ölkələri üzrə baxdıqda isə 2018-ci ildə ən çox idxal Rusiyadan edilib. İdxalın həcmi əvvəlki illə müqayisədə 331 milyon dollar artaraq 1.9 milyard dollar olmuşdur. Rusiyadan sonra ən çox idxal ondan 4 dəfə az olan Ukraynadır ki, həmin ildə bu ölkədən yarım milyard dollarlıq məhsul idxal olunub. Bundan sonra 180 milyon dollarla Belarus gəlir. Ən az isə Tacikistandan - 53 min dollarlıq məhsul idxal olunub.
İdxal olunan məhsulların strukturuna baxdıqda, xaricdən daha çox qiymətli metallar, azqiymətli daşlar və onlardan hazırlanmış məmulatlar, eyni zamanda qara metallardan hazırlanmış məmulatların alındığı görünür. Elektrik maşınları və avadanlıqları, səsyazma və səsləndirmə, televiziya təsvirlərinin yazılması və canlandırılması üçün aparatura, onların hissələrinə isə 781 milyon dollarlıq vəsait xərclənib. Ən çox idxal olunan məhsullar arasında nəqliyyat vasitələrini, tibbi avadanlıq və əczaçılıq məhsullarını, plastik kütlələr, tütün və mebel diqqəti cəlb edir. Yeyinti məhsullarından isə ən çox idxal olunan 15 məhsul içərisindən sadəcə dənli bitkilərə 257 milyon dollar vəsait xərclənmişdir.
Tərlan Qəhrəmanova, Banco.az