Gerçək Zamanlı Marketinq (Real-Time Marketing) | Banco.az

Gerçək Zamanlı Marketinq (Real-Time Marketing)

Müəllif: Orxan Rzayev

 “Bilirik ki, rəqəmsal dünyanın təhdidləri və təklifləri xəbərdarlıq etmədən gəlir. Onlar sizin aylıq iclaslarınızdakı müzakirələrinizi gözləmirlər. Nəinki iclas, qarşınızdakı yeməyi belə, yeyib bitirməyinizə səbrləri çatmır.”

Bill Sledzik, Kent Dövlət Universitetinin (Kent State University. Ohio, USA) dosenti

Ətrah mühit sürətlə dəyişir. Texnologiyanın bu gün bizə verdiyi imkanlar hərəkət və davranışlarımızı, verəcəyimiz qərarları, hətta düşüncəmizi belə, sürətləndirib.

Bu, bütün sahələrdə olduğu kimi marketinq dünyasında da belədir. İndi aylar öncədən reklam kampaniyası, marketinq strategiyası hazırlamaq əksər hallarda uğursuzluqla nəticələnir. Düzdür, Azərbaycanı Avropa, Amerika və ya Türkiyə bazarı ilə müqayisə etsək, bu uğursuzluğun hələ o qədər də hiss edilmədiyini görərik. Amma qeyd olunan regionlarda bu gün baş verən iqtisadi, biznes, marketinq dəyişiklikləri bir müddət sonra mütləq şəkildə  ölkəmizdə də hiss olunmağa başlayır.

Dünyada 90-cı illərdən istifadə olunmağa başlayan Gerçək Zamanlı Marketinq (Real-Time Marketing) strategiyası bu gün aktuallığını birə-beş artırıb. Niyə?

Çünki indi müştərilər marka,  brend haqqında məlumatı internetdə axtarırlar,  məhsulun yaxşı və ya pis olmasının sosial şəbəkələrdəki müzakirələrdən anlayırlar. İnsanların bəziləri informasiya əldə etmək üçün, bəziləri ünsiyyət, bəziləri oyun-əyləncə üçün sosial şəbəkələrə daxil olur. Və reallıq budur ki, bizim günümüzün müəyyən hissəsi sosial şəbəkələrdə keçir. Bu vəziyyətdə Gerçək Zamanlı Marketinq qarşımıza çıxır!

Nədir Gerçək Zamanlı Marketinq?

Gerçək Zamanlı Marketinq – mövcud zamanda baş verən tədbir, hadisə və ya fəaliyyət vasitəsilə müştərinin diqqətini cəlb etmək üsuludur. Başqa sözlə desək,  şirkət gündəmdə olan mövzuları izləyərək, öz mesaj və təklifləri həmin mövzuya uyğunlaşdıraraq müştəriyə çatdırmağa çalışır. Burada iki mühüm məsələ – operativlik və yaradıcılıq ön plana çıxır. Baş verən hadisə (tədbir) zamanı, məhz auditoriyanın diqqəti orada olduğu zaman mesajını çatdırmaq vacibdir. Bununla yanaşı şirkətin verəcəyi mesaj fərqli, gündəmə uyğun və yaradıcı olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bir neçə gün öncə futbol üzrə Dünya Çempionatı zamanı Uruqvay millisinin oyunçusu Luis Suarezin İtaliya yığmasının futbolusu Çellinini dişləməsi yəqin ki, hər kəsin yadındadır. Bu hadisə zamanı bəzi brendlər, Gerçək Zamanlı Marketinq üçün ideal saya biləcəyimiz reklam posterləri ilə gündəmə gəldi.

Snickers rəsmi Twitter hesabında “Bir italiyandan daha çox doydurur” deyə poster paylaşdı.

 

“Specsavers” şrirkəti isə italyan makaron növü olan “Cannelloni” sözünün italiyalı oyunçu “Chellini”nin adı ilə oxşar olmasından məharətlə istifadə etdi. “Chellini” yox, “Cannelloni” deyə poster paylaşdı.

 

Və ya Apple brendi ilə bağlı belə bir poster hər kəsin diqqətini cəlb etdi.

Bunun kimi yüzlərlə brend Dünya Çempionatında baş verən bu hadisədən öz məhsul və xidmətlərini reklam etmək üçün faydalana bildilər. Növbəti yazılarda Dünya Çempionatı və digər tədbirlərdə meydana çıxan Gerçək Zamanlı Marketinq elementləri ilə ətraflı tanış olacağıq, həmçinin Gerçək Zamanlı Marketinq’in ən effektiv olduğu kanallar, bu zaman diqqət edilməli amillər barədə məlumat əldə edəcəyik, dünyada və ölkəmizdə istifadə edilmiş  Gerçək Zamanlı Marketinq nümunələri ilə tanış olacağıq.

Mənbə: http://orkhanrza.com/gercek-zamanli-marketinq-real-time-marketing-nedir/