“Ford” Avropada 4 min işçisini ixtisar edəcək | Banco.az

“Ford” Avropada 4 min işçisini ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın avtomobil istehsalçısı “Ford Motor” 2027-ci ilin sonuna qədər Avropada 4 minə yaxın işçisini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bununla da şirkət regiondakı işçi qüvvəsini 14% azaldır.

Məlumata görə, planlaşdırılan tədbirlər Almaniyada təxminən 2,9 min, Böyük Britaniyada 800, digər ölkələrdə isə 300 iş yerinə təsir edəcək. Bundan əlavə, şirkət Köln zavodunda “Explorer” və “Capri” markalı elektrik avtomobillərinin istehsalını azaltmaq niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

“Aydındır ki, bu, Avropada “Ford” üçün çətin gündür. Lakin mövcud vəziyyəti nəzərə alaraq, bunun zəruri olduğuna inanırıq”, - deyə şirkətin insan resursları üzrə vitse-prezidenti Piter Qudsel bildirib. 

Şirkət Avropada elektromobil bazarının gözləniləndən daha yavaş inkişaf etməsini və Çin brendləri ilə şiddətli rəqabəti özünün əsas problemləri hesab edir. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, nəticədə “Ford”un Avropa avtomobil bazarındakı payı yanvar-sentyabr aylarında ötən ilin eyni dövründəki 4,1%-dən 3,3%-ə düşüb.

Qeyd edək ki, “Ford” səhmləri çərşənbə günü ticarətdə 1,2% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması təxminən 11% azalaraq 43,9 milyard dollar təşkil edib.