Müəllif: Tamara Mustafayeva, Banco.az
"Fitch" agentliyi əksər inkişaf etmiş iqtisadiyyatlarda işsizlik nisbətlərinin artdığını açıqlayıb.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ötən 6 ayda bir çox böyük inkişaf etmiş iqtisadiyyatlarda işsizlik nisbətlərinin yüksəldiyini bəyan edib.
"Fitch"in bəyanatında qeyd olunub ki, işsizlik nisbətləri tarixi standartlara görə aşağı səviyyədə qalsa da, əmək bazarı şərtlərinin zəifləməsi əmək haqqı inflyasiyası üzərində müəyyən təzyiqlər yaratmağa başlayıb.
Bu vəziyyətin inkişaf etmiş iqtisadiyyatlardakı mərkəzi bankların faiz endirimlərini əsaslandırmasına kömək etdiyi bildirilən bəyanatda ABŞ, İngiltərə, Kanada, Almaniya, Avstraliya və İsveçrədə işsizlik nisbətlərinin artdığına diqqət çəkilib.
Bəyanata görə, ABŞ-da bir il əvvəl 3,5 faiz olan işsizlik nisbəti 2024-cü ilin iyul ayında 4,3 faizə yüksəlib. İngiltərədə 2023-cü ilin noyabr ayında 3,8 faiz olan işsizlik nisbəti may ayında 4,2 faizə çatıb. Kanadada 2023-cü ilin yanvarında 5 faiz olan nisbət 2024-cü ilin iyulunda 6,4 faiz olub. Almaniyada 2023-cü ilin may ayında 2,9 faiz olan nisbət 2024-cü ilin iyun ayında 3,4 faizə yüksəlib.
Avropa, İngiltərə, İsveçrə və Kanadanın mərkəzi banklarının son 2-3 ayda siyasət faizlərini endirdiyi vurğulanan bəyanatda ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın gələcəkdə faiz dərəcələrini aşağı salacağı gözləntiləri ilə ABŞ 10 illik xəzinə istiqrazlarının faizinin də azaldığı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!