Banklarda qorunmayan əmanətlərin həcmi yenidən artır. Hazırda 2,9 milyon manata qədər əmanət qorunmur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovfikrincə, qorunmayan əmanətlərin həcminin artması Əmanətlərin Sığortalanması Fondunun sığortalanan məbləği 30 min manat səviyyəsində saxlamaqla, qorunan əmanətin faiz dərəcəsini 3 faizə qədər aşağı salmasından qaynaqlanır:
"Qorunmayan əmanətlərin həcminin artması birmənalı şəkildə Əmanətlərin Sığortalanması Fondunun öz qaydalarına dəyişiklik edən zaman sığortalanan əmanətlərin payının artırılması istiqamətində dəyişiklik etməməsi ilə bağlıdır. Əmanətlərin Sığortalanması Fondu son bir ildə qorunan əmanətlər üzrə faiz dərəcəsini 12-dən 9 faizə endirməklə bağlı qərar qəbul edib. Faktik olaraq son bir ildə sığortalanan əmanətlərin faiz dərəcəsi 3 faiz aşağı salınıb. Amma buna rəğmən, sığortalanan əmanətlərin maksimum məbləği dəyişdirilməyib. Maksimum məbləğ 30 min manat olaraq qalır. Faiz dərəcəsinin aşağı salınması artıq nisbətən yüksək faizlə yerləşdirilən əmanətlərin sığortalanmasına da imkan vermir. O baxımdan birmənalı şəkildə Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydaları daha çox əmanətin sığortalanmasına şərait yaratmır. Bu fondun öz qaydalarına dəyişiklik etməsi və daha çox əmanətin sığortalanması istiqamətində fəaliyyətlər həyata keçirməsi lazımdır. Tərəfimizdən Əmanətlərin Sığortalanması Fonduna sığortalanan əmanətlərin maksimum məbləğinin artırılmasını təklif etməyimizə baxmayaraq, bu məsələ hələlik öz həllini tapmayıb.
Mərkəzi-Şərqi Avropa ölkələrində bu rəqəm 100 min avrodan az deyil. Azərbaycanda isə son illər əhalinin gəlirləri artıb. Əhali kommersiya banklarında daha çox depozit yerləşdirir. Lakin fondun sığortaladığı əmanətlər üzrə maksimum məbləğ əhalinin gəlirlərindəki və ölkədəki iqtisadi inkişaf tempinə uyğunlaşdırılmır. Əmanətlərin Sığortalanması Fondu mövcud qaydaları dəyişdirməli və həmin məbləği əhalinin gəlirlərinin artması tempinə uyğunlaşdırmalıdır. Təəssüf ki, hələlik bu baş vermir. Nəticədə də zaman-zaman daha çox əmanətin sığortalanmadığını müşahidə edirik. Statistika da göstərir ki, bu gün banklarda olan əmanətlərin təxminən 40 faizi sığortalanmır. Deməli, hər 100 manatdan 40 manatın praktik olaraq batma risqi var. Əmanətin qorunmaması o deməkdir ki, həmin bankın müflis olunması şəraitində bu əmanətin qaytarılmasına dövlət məsul deyil. Dövlətin bununla bağlı hər hansı bir öhdəliyi yoxdur. Yalnız artıq bankın aktivləri qiymətləndiriləndən sonra, əmanətin qaytarılmasının mümkün olub-olmaması müəyyənləşəcək. Əmanətləri qaytarmaq mümkün olmursa, o zaman vətəndaşın qoyduğu pulu qaytarmaq da mümkün olmayacaq. Yəni vətəndaşa bu halda gələcək təhlükə prosesə dövlətin məsul olmaması və praktik olaraq bankın müflisliyi fonunda ona həmin əmanətlərin qaytarılmasının mümkün olmaması ilə bağlıdır".
Mənbə: Movqe.az