Ən çox ödəniş edən sığorta şirkəti hansıdır? - REYTİNQ | Banco.az

Ən çox ödəniş edən sığorta şirkəti hansıdır? - REYTİNQ

Azərbaycanda topladığı sığorta haqlarının həcmi ilə müqayisədə ən çox ödəniş edən sığorta şirkəti "A-Qroup", ən az ödəniş edən şirkət isə “İPƏK YOLU SIĞORTA”dır. Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətinin bu ilin yanvar-oktyabr aylarında sığorta bazarı ilə bağlı açıqladığı göstəricilərdə bildirilir. Belə ki, ilk 10 ayın nəticələrinə əsasən, "A-Qroup" sığorta şirkəti 5 mln. 372,3 min manat ödəniş edib ki, bu da şirkətin topladığı sığorta haqlarından (4 mln. 617,8 min manat) da yüksəkdir. Burada sığorta ödənişlərinin sığorta haqqına nisbətə 116%-i keçib.
Sığorta ödənişlərinin sığorta haqlarına nisbətinə görə, növbəti yeri "Əmrah Sığorta" tutur - ilk 10 ayda şirkət topladığı sığorta haqlarının 68,1%i qədər ödəniş edib. "Bakı Sığorta"da bu göstərici 59,7%, "Çartis Azərbaycan"da 49,3%,  “Paşa Sığorta”da 47,5%, “AXA MBASK”da 46,6% təşkli edir.
Sığorta ödənişlərinin sığorta haqlarına nisbəti üzrə ən aşağı göstərici “İPƏK YOLU SIĞORTA” şirkətində qeydə alınıb - 0,4%. Bununla yanaşı, qeyd etmək lazımdır ki, adı çəkilən şirkətin belə göstəricisi, onun əsasən aviasiya risklərini sığortalaması ilə bağlıdır.
Bu göstəricinin azlığına görə, sonrakı yerləri “Paşa Həyat Sığorta”, “Qala Həyat”, "Royal Sığorta" və “Atəşgah Həyat” sığorta şirkətləri tutur.
Ümumilikdə, ölkənin sığorta bazarı  üzrə sığorta ödənişlərinin sığorta haqlarına nisbəti 29,3% təşkil edir. Ölkədəki 28 sığorta şirkətinin 15-nin göstəricisi bundan yuxarı, 13-də isə bundan aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

fins.az